- 30 Noyabr 13:23
Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və ona hüquq-vəzifələri izah edilib.
N.Quliyevanın vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin əvvəllər məhkum olunmadığını və himayəsində azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin ilkin baxış iclası 11 dekabr tarixinə təyin edilib.
Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. Hadisə Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Humay Eminqızı