Bakıda bacısının keçmiş ərinin üzərinə benzin tökərək yandırmaqda ittiham olunan şəxsin məhkəməsində şahidlər ifadə verdi


  • 18:12

Bakıda bacısının keçmiş ərinin üzərinə benzin tökərək yandırmaqda ittiham olunan Məhərrəm Hüseynzadənin məhkəmə iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Təqsirləndirilənin anası Aybəniz Hüseynova ifadəsində bildirib: "Hadisə günü kürəkənim qapını döyürdü. Qapını açanda gözlərinin qıpqırmızı olduğunu gördüm, qorxdum. Onu evə dəvət etdim, vəziyyətinin yaxşı olmadığını gördüm. Dedim ki, gecə vaxtı qonşuları narahat etmə. O isə "əcəb edirəm" dedi. Mən onu bu vəziyyətdə heç vaxt görməmişdim. Sonra başladı qonşuların qapılarını döyməyə və qışqırırdı ki, mənə uşaqlarımı vermirlər.

Bundan sonra dedim ki, aparın onu ailəsinə təhvil verin. Oğlumla kürəkənim maşına minib getdilər. Bir qədər sonra həyat yoldaşım evə girərək Zəhmətin özünü yandırdığını söylədi və paltar istədi. O, qonşumuz Etibarla birlikdə hadisə yerinə getdi.

Oğlumla kürəkənim qardaş kimi doğma olublar. Son vaxtlar evlərindəki mübahisələrə görə qızım bizdə qalırdı. Kürəkənim bank borcuna görə axtarışda idi və tez-tez "yaşamaq istəmirəm" deyirdi".

Təqsirləndirilənin bacısı, mərhum Zəhmət Əhmədovun isə həyat yoldaşı olan Aysel Əhmədova bildirib: "Biz bir müddət atamın evində yaşamışıq. Səbəbi yoldaşımla anasının arasındakı münaqişə idi. Keçən ilin sentyabrında onlar çox pis mübahisə etmişdi. Hətta yoldaşım anasını təhqir etmiş, cehizlərimi qırmışdı və demişdi ki, burada qalmayacağıq.

Bu mübahisə yanma hadisəsindən bir il əvvəl olmuşdu. Evimizdəki gərginlik səbəbindən kirayəyə çıxmağı təklif etdim, amma yoldaşım imkanı olmadığını deyərək mənim anamın evinə getməyimi istədi. Mən də valideynlərimin evinə getdim, iki gün sonra o da gəldi. Bank borcuna görə axtarışda idi.

Hadisə günü yoldaşım bizə gəlmək istədi, amma etiraz etdim. Təxminən bir saat sonra qapı döyüldü. Anam qapını açanda o, "Ayseli çağır" dedi. Biz onu evə dəvət etsək də, gəlmədi. Uşaqları istəyirdi. Qonşuların qapılarını döyərək narahatlıq yaradırdı. Tamamilə özündə deyildi.

Onunla qardaşımın münasibəti yaxşı idi. Mən qardaşımı çağırmışdım ki, gəlib Zəhməti sakitləşdirsin. Aramızda inciklik olmuşdu, anasının xəstəxanada olduğu vaxt onunla maraqlanmamağım yoldaşımı narahat edirdi. Tez-tez "yaşamaq istəmirəm" deyirdi, sıxıntılar keçirirdi. Hətta bir dəfə əlində lezva tutub özünə qəsd etmək istəmişdi. Cibindən narkotikə bənzər bir şey də tapmışdım".

Yanacaqdoldurma məntəsinin işçisi isə ifadəsində deyib: "Səs eşitdiyim üçün çölə çıxdım. Zəhmətin yandığını gördüm və onun üstünə su tökərək söndürməyə çalışdım. O deyirdi ki, qaynım məni yandırıb. Daha sonra başqa biri gəlib ona paltar gətirdi, amma vəziyyətinə görə geyinə bilmədi".

Məhkəmədə hadisə yerinin görüntülərinə baxış keçirilərkən təqsirləndirilən şəxsin Zəhmət Əhmədova yaxınlaşdığı anda alovun alışdığı müşahidə olunub.

Məhkəmənin növbəti iclası 8 dekabr tarixinə təyin edilib.

İttiham aktına görə, 29 may, gecə saat 1 radələrində Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında Məhərrəm Hüseynzadənin bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda yaşayış yerinə gələrək səs-küy yaratmış, bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu uzaqlaşdırmaq məqsədilə BMW markalı avtomobilə mindirmişdi.

Yolda aralarında yaranan mübahisə zamanı Zəhmətin söyüşlərindən hiddətlənən Məhərrəm maşını yanacaqdoldurma məntəqəsinə sürüb, 1 litrlik plastik qaba yanacaq dolduraraq Zəhmətin üzərinə töküb və od vurub. Zərərçəkən bir gün sonra Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

Humay Eminqızı

Oxşar xəbərlər