- 15:09
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində eyni otaqda qaldığı şəxsə xəsarət yetirməkdə təqsirləndirilən Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N.Məmmədov Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il 1 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, 1958-ci il təvəllüdlü N.Məmmədovun sığınacaqda qaldığı otağın kondisioneri söndürməsini eyni otaqda qalan şəxsin ona irad bildirməsinə görə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı o, zərərçəkmişə yumruqla vuraraq xəsarət yetirib.
O, məhkəmədə ifadəsində deyib ki, sığınacaqda məskunlaşdığı otaqda kondisionerin nasaz vəziyyətdə işlədiyini eşidərək səsinə yuxudan oyanıb və təhlükəsizlik baxımından kondisioneri söndürüb yenidən uzanıb yatıb. Səhər saat 06 radələrində münasibət saxlamadığı otaq yoldaşı yuxudan oyanıb sanitar qovşağına baş çəkib yenidən otağa geri qayıdandan sonra təkrar otağın kondisionerini işə salıb və ona kondisioneri söndürdüyünə görə iradını bildirsə də, sonuncuya cavab qaytarmayıb. Bundan sonra çarpayıdan qalxıb otaqdan çıxmaq istəyərkən otaq yoldaşı onu "erməni" adlandırıb, sonuncunun işlətdiyi "erməni" sözü ona xoş gəlmədiyi üçün uzandığı çarpayısına sarı yaxınlaşıb, sinəsi üstünə oturub 2-3 dəfə yumruq zərbəsi ilə baş və sifət nahiyəsindən vuraraq döyüb.
Hadisədən dərhal sonra hər iki şəxs sığınacaqdan xaric edilib.
Şəbnəm Mehdizadə