- 11:53
Göygöldə səhlənkarlıq nəticəsində azyaşlının ölümünə səbəb olmaqda təqsirləndirilən Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Göygöl Rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Mövlayev Cinayət Məcəlləsinin 142.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib. CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətinə tibb sahəsində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
İttihama görə, o, xəstəxananın uşaq şöbəsinin müdiri vəzifəsində çalışarkən tibbi yardım almaq üçün valideyni tərəfindən pediatriya (uşaq) şöbəsinə gətirilən uşağı müayinə edib. Uşağın hərarətinin 39 dərəcə olduğu və bunun həyati təhlükə yarada biləcək bir xəstəlikdən qaynaqlanması ehtimalını nəzərə alaraq, həkim lazımi diqqət və ehtiyatla müayinəni tam şəkildə aparmalı, eyni zamanda uşağın vəziyyətini dəqiq qiymətləndirərək zəruri olan instrumental və laborator müayinələrin keçirilməsini təmin etməli idi. Lakin həkim bu addımları atmadan, yalnız klinik müayinələrdən keçirərək uşağın vəziyyətini düzgün qiymətləndirməyib və müvafiq tibbi yardımı göstərməyib. Bundan əlavə, həkim uşağın stasionar müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun nəzarət altında saxlanmasını təmin etməli, ya da yazılı razılıq almalı idi. Lakin bütün bu öhdəliklərə məhəl qoymayıb və müvafiq sənədləşmə işlərini yerinə yetirməyib. Nəticədə, uşağın vəziyyəti pisləşib və o, "ağciyərdə ocaqlı pnevmoniya, nazik bağırsağın kəskin eroziv-xoralı enteriti və peritonit fonunda orqanizmin ümumi intoksikasiyası" səbəbindən həyatını itirib. Həkimin laqeydliyi, tibbi xidmətin qüsurlu olması və lazımi tədbirlərin vaxtında görülməməsi uşağın ölümünə səbəb olub.
Şəbnəm Mehdizadə