175 min manatlıq mənimsəmədə təqsirləndirilən direktor və mühasibin məhkəməsi keçirildi


  • 11:49

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəməyə daxil olmuş ərizəyə baxılıb.

Məlum olub ki, dəymiş zərər tam ödənilib və Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş mülki iddia təmin olunub.

Zərərçəkən qurumun nümayəndəsi əlavə tələblərinin olmadığını və barışıq əldə olunduğunu bildirib.

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 11 dekabr tarixinə təyin edilib.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.

İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

Onlar barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.

Humay Eminqızı

Oxşar xəbərlər