- 16:44
5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının iştirakı ilə "Femida könüllüləri" ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.
E-huquq.az xəbər verir ki, görüş zamanı "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov iştirakçıları salamlayıb və onlara fəaliyyətində uğurlar arzu edib.
Rəsmi çıxışlarda Ali Məhkəmə Aparatının Daxili nəzarət və İnsan resursları şöbəsinin müdiri Mahir Məlikov, Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev, Məhkəmə-Hüquq Şurası aparatının Katiblik və İnsan Resursları Şöbəsinin sektor müdiri İbrahim Feyziyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri Əli Mirzəyev və Mediasiya Şurası idarə heyətinin sədrinin müşaviri Əli Fərzəliyev könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşərək onları əlamətdar gün münasibətilə təbrik edib və uğurlar arzulayıblar.
Tədbirdə könüllülərin hüquqi sahədə göstərdikləri təşəbbüslərin dövlət qurumları ilə əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanıb.
Bildirilib ki, könüllülərin fəaliyyəti sosial siyasətin icrasına dəstək göstərərək ictimai xidmətlərin səmərəliliyinin artırılmasına və sosial həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verib. Onların fəal iştirakı dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqənin daha effektiv qurulmasına şərait yaratmaqla yanaşı, müxtəlif sahələrdə həyata keçirilən təşəbbüslərin koordinasiyasının gücləndirilməsinə xidmət edir.
Daha sonra 2025-ci il üzrə "Femida Könüllüləri" Təşkilatı tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə fəal iştiraklarına görə bir qrup könüllü təşəkkürnamə ilə təltif olunub.