- 18 Dekabr 21:40
2025-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tam dəstəyi ilə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirin açılışında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov çıxış edərək iştirakçıları salamlayıb, müsabiqənin tələbələrin hüquqi bilik və praktiki bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb və onlara uğurlar arzulayıb.
Sonra Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov çıxış edərək iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyib, belə yarışların insan hüquqlarının müdafiəsi mexanizmlərinə və hüquqi düşüncə mədəniyyətinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.
Eyni zamanda ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov və təşkilatın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Səmayə Abbasquliyeva çıxış edərək ELSA Azərbaycan və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının əhəmiyyətindən danışıb, yarışın qaydaları barədə məlumat veriblər.
Daha sonra səhnələşdirilmiş məhkəmə prosesi keçirilib.
Final mərhələsində hakimlər qismində 9 nəfərlik tərkibdə Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov, Kollegiyanın üzvləri - Sevinc Əliyeva, Şəfa Camalzadə, Sadiq Bağırov və Qəndab Fərəcova, habelə hüquqşünaslar Füzuli Cəbrayıllı, Nəzrin Əliyeva, Orxan Bəşirli və Kamil Dəmirli iştirak ediblər.
Həlledici mərhələdə “Aletheia” və “Corpus Delicti” komandaları üz-üzə gəlib. Müsabiqənin nəticələrinə əsasən, “Corpus Delicti” komandasını təmsil edən Bakı Dövlət Universitetinin III kurs tələbələri Gülnar Mütəllibova və Zəhra Hüseynova I yerə layiq görülüb, həmçinin “Ən yaxşı memorial (cavabdeh kimi)” nominasiyası üzrə qalib elan olunublar.
“Aletheia” komandasının üzvləri, Bakı Dövlət Universitetinin II kurs tələbələri Aydan Məcidli və Aytac Məmmədova II yeri tutaraq “Ən yaxşı memorial (ərizəçi kimi)” nominasiyasına layiq görülüblər. Eyni zamanda Gülnar Mütəllibova müsabiqənin “Ən yaxşı natiqi” seçilib.
Sonda Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov bağlanış nitqi ilə çıxış edərək qalib komandaları təbrik edib. Ardınca Səttar Məmmədov və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov tərəfindən qaliblərə mükafatlar təqdim olunub.
Müsabiqədə iştirak edən hər iki komandaya pul mükafatları (I yer – 500 AZN, II yer – 250 AZN) və sertifikatlar, qalib komandanın üzvlərinə isə kuboklar ilə təltif ediliblər.