- 13:43
2025-ci ilin 15-20 dekabr tarixlərində Türkiyə Respublikasının Ali Məhkəməsi (Yargıtay) ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibovun başçılıq etdiyi Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəz tərəfindən qəbul edilib. Görüşdə iki qardaş ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığı istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Səfər zamanı hakimlərimiz türk həmkarları ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, nüfuz alveri (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə), cəza siyasəti və güzəştli cinayət-hüquqi institutlar və hüququn digər sahələri ilə bağlı məhkəmə təcrübəsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar.

