- 23 Dekabr 19:15
Anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Məlum olub ki, təqsirləndirilən anası Əsmət Qasımlı ilə geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu isə buna etiraz edib. Əsmət isə "yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm" ifadəsini işlədib. Bundan sonra azyaşlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Anasının rəngi ağarıb xırıldadıqda isə onu boğmağı dayandırıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Crossway" hotelində baş verib.
Təqsirləndirilən şəxsə ifadə vermək təklif edilsə də, o imtina edərək istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirib.
O ifadəsində bildirib ki, anasına qısa geyinməyə qoymayıb, çünki bu hərəkətindən utanıb, anasını kiminsə onun yanında belə görməsindən ehtiyat edib.
""Bədən mənimdir" deyə-deyə atama xəyanət etmisən", - təqsirləndirilən hadisə günü anası Əsmətə deyib.
A.Qasımlı anasını öldürdüyünü atasına demək istədiyi üçün ona zəng etsə də, atasına zəng çatmayıb. Buna görə də qardaşına bu barədə səsli mesaj göndərib. Sonra Qazax polis idarəsinə gedərək təslim olub.
"Anamın "100 oğlanla gəzəcəm" deməyi məni özümdən çıxarıb. Namusumu təmizləmişəm deyə peşman deyiləm", - təqsirləndirilən şəxs məhkəmədə bildirib.
Onun qardaşı da məhkəmədə könüllü ifadə verməkdən imtina edərək istintaqa verdiyi ifadəni təsdiq edib.
Məhkəmənin növbəti iclası 21 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.
Humay Eminqızı