Ərinin qətlində təqsirləndirilən qadın və sevgilisinin məhkəməsi keçirildi


  • 17:32

Bakıda kişini qətlə yetirməkdə təqsirləndirilən Zahir Soltanov və Leyla Abbasovanın cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə 2001-ci il təvəllüdlü təqsirləndirilən L.Abbasova sərbəst ifadə verib.

L.Abbasova bildirib ki, həyat yoldaşı İkram Piriyev ona yaxın qohumları ilə xəyanət edib. Onun sözlərinə görə, bu xəyanətləri sübut edən şəkilləri də əldə edib. Ərinin xəyanətləri ilə bağlı Zahir Soltanovla danışdığını deyən təqsirləndirilən qeyd edib ki, Zahir ona boşanmağı tövsiyə edib. Lakin L.Abbasova üç azyaşlı övladı olduğu üçün boşanmaq istəmədiyini, uşaqlarını atasız qoymaq niyyətində olmadığını bildirib.

Onun sözlərinə görə, Z.Soltanov israr edərək əks halda İkram Piriyevi öldürəcəyini deyib. L.Abbasova qeyd edib ki, mərhum həyat yoldaşı onu döyərkən Zahir telefon vasitəsilə bunu eşidib. Hətta bir dəfə Zahir balta ilə onların evinə gələrək İkramı öldürmək istəyib.

Təqsirləndirilən deyib ki, həyat yoldaşına Zahirlə danışdığını etiraf edib və bir daha əlaqə saxlamayacağına söz verib. İ.Piriyev onu yalnız bir şərtlə bağışlayacağını, Zahiri evə çağırmasını tələb etdiyini bildirib. L.Abbasova isə bu tələbi yerinə yetirmədiyini qeyd edib.

Hadisə günü dişinin ağrıdığını deyən L.Abbasova həyat yoldaşından evə gəlməsini xahiş edib ki, özü həkimə gedə bilsin. İkram əvvəlcə bir saatlıq işi olduğunu deyib, sonra isə evə gəlib. Onlar birlikdə vaxt keçirib, uşaqlarla gül əkiblər. Daha sonra Abbasova həkimə gedib. Evə qayıdarkən həyat yoldaşını həyətdə əlində bıçaqla oturmuş vəziyyətdə, uşaqların isə ətrafda olduğunu görüb. Bıçağı əlindən almağa çalışsa da, buna nail ola bilməyib. Axşam yatarkən qızı Sevgi ağladığı üçün İkram əsəbiləşib və uşağın səsini kəsməyi ona tapşırıb. Telefonu verərək uşağa musiqi qoşmasını istəyib. L.Abbasova uşağın yanında yuxuya getdiyini qeyd edib.

Onun sözlərinə görə, həmin gün Z.Soltanovla həyat yoldaşı arasında heç bir münaqişə olmayıb. Oyananda telefonun musiqisinin hələ də açıq olduğunu görüb və səsini azaldıb. Otaqdan çıxarkən işıqların sönülü olması səbəbindən ətrafın qaranlıq olduğunu bildirib. Az işıqda həyat yoldaşını zalda, qapının ağzında yerdə uzanmış halda görüb və əvvəlcə onun halının pisləşdiyini düşünüb. Daha sonra mətbəxin pəncərəsindən çınqıl səsi eşidib, pəncərədən baxarkən qara kölgə gördüyünü deyib. Yenidən həyat yoldaşının yanına qayıdarkən onun qan içində olduğunu görüb və qonşulardan kömək istəyib.

Daha sonra hakim L.Abbasovaya sual ünvanlayıb: “Necə olur ki, digər otaqda bu qədər səs-küy, dava və qətl hadisəsi baş verib, hətta digər təqsirləndirilən şəxs meyiti evdən çıxarmağa cəhd edib, siz isə bu səslərin heç birinə oyanmamısınız?”

Təqsirləndirilən cavabında bildirib ki, çox yorğun olduğu üçün səsləri eşitməyib. Bundan əlavə, telefonla uşağa musiqi qoşduğu üçün digər səslərə də oyanmaya biləcəyini deyib.

Məhkəmənin növbəti iclası 24 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, Z.Soltanov və L.Abbasova 2025-ci il avqustun 29 yaşlı İkram Piriyevi qətlə yetirməkdə ittiham olunurlar.

Humay Eminqızı

Oxşar xəbərlər