Qətldə təqsirləndirilən iş adamı: “İradənin içində cin-şeytan var idi”


  • 18:25

Bakının Yasamal rayonunda tanışını anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi 2025-ci ilin avqust ayında Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti E.Ağacanova məxsus mənzilin hamamında, vannada çılpaq vəziyyətdə aşkar olunub. İlkin araşdırmalar zamanı qadının E.Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

İttihama əsasən, təqsirləndirilən şəxslə mərhum arasında sevgi münasibətləri olub. E.Ağacanov narkotikin təsiri altında dini mahnılara qulaq asıb, daha sonra mərhumu öldürüb. Təqsirləndirilən barəsində ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, sonradan onun anlaqsız vəziyyətdə olması nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib və polisin nəzarətinə verilib.

İttihama münasibət bildirən E.Ağacanov bildirib ki, sevdiyi xanımı o öldürməyib: “Bu cinayəti mən törətməmişəm. Mən İradəni çox istəmişəm. 15 ildən çoxdur yanımda olub. Hadisə tam yadımda deyil. İradə xristian olub, onu dinə gətirərək ailə qurmaq və övlad sahibi olmaq istəyirdim. Bizi ayıran şeytan olub. İradənin içində cin-şeytan var idi. Çünki yadımdadır, hadisə günü məni divara çırpmışdı. Onun özündə bu qədər güc yox idi. Mən onu tutaraq saxlamaq, sakitləşdirmək istəmişəm. İradə mənimlə indi də danışır. Onunla, inşallah, yenə də görüşəcəyik. Mən hər kəsə məsləhət görürəm ki, “iPhone” telefon işlətməsin. O, şeytan əməlidir, arxası açılmır. Hadisə günü sübh namazına durmuşdum, İradəni də dəvət etdim ki, imana gəlsin, mənimlə namaz qılsın. Kəlmeyi-şəhadəti deməsini istədim. Dəvətimi qəbul etdi. Amma danışa bilmədik. Bu zaman mənə zəng gəldi. İradə dedi ki, telefona cavab verək, danışaq. Mən də dedim ki, bu şeytan əməlidir və telefonu sındırdım. Kimin zəng etdiyini görmədim. Dedim, gəl namaza”.

E.Ağacanov bildirib ki, sonuncu dəfə İradəni Maldiv adalarına gəzməyə aparıb: “Mən müalicə alanda bütün işin yükü onun üzərində qalmışdı deyə ona minnətdarlıq əlaməti olaraq Maldivə apardım”.

Prokurorun “Necə oldu ki, İradə öldü?” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Kim deyir ki, İradə ölüb? O ölməyib, siz ölüsünüz. Mən onu çox sevirəm. Şeytan onun ağzını bağlamışdı, danışa bilmirdi. Mən onu tutub saxlamışdım. Əlimdən qaçmaq istəyirdi. Qaçsaydı, şeytanlar aparacaqdılar. Bütün bunlar şeytan əməlləridir.

Mənə dedilər ki, İradəni boğub öldürmüsən. Mən dedim ki, məni buraxın, ona nəfəs verim. Mən onun boğazına əl vurmamışam. Əgər boğmuşamsa, barmaq izlərimi göstərsinlər”.

Təqsirləndirilən şəxs bildirib ki, 17 yaşından dinlə məşğul olub və həmin yaşda Kərbəla ziyarətinə gedib. Namazı isə son 1 ildir qıldığını deyib: “Mən marixuana qəbul etmişəm. Onu kimdən aldığımı xatırlamıram. Quranda deyilmir ki, marixuana olmaz. Onun xeyiri var, ziyanı yoxdur”.

Daha sonra zərərçəkmiş İ.Muradovanın hüquqi varisi Rəna Muradova ifadə verib. O bildirib ki, E.Ağacanovun dediklərinin 80 faizi yalandır: “Bacımla Emilin münasibətləri yaxşı idi. Bizə qonaq da gəlirdilər. Mənim də ona yaxşı münasibətim var idi. Bacım Emillə qalmayıb, həmişə anamla qalıb. İradə ölümündən yarım saat əvvəl həyətə düşüb. Sonra bacımın cəsədi çılpaq halda vannada tapılıb. Qatil də çılpaq olub. Mən bacımı morqda gördüm, pis vəziyyətdə idi. Onu yuyan qadınlar deyiblər ki, öləndə zülüm görüb. Dırnaqları sındırılmışdı, görünür ki, müqavimət göstərib, yaşamaq üçün mübarizə aparıb. Emilin özünü dəli kimi apardığını görməmişəm. Hadisədən iki gün əvvəl görmüşəm, heç bir problem olmayıb. Mən heç vaxt görməmişəm ki, Emil pis söz desin. Dəli olması da yalandır. Narkotik qəbul edib. Çox ağıllı cavablar verir, amma narkotiki kimdən aldığını bilmir. Ondan şikayətçiyəm. O, dəli deyil, narkotik təsiri altında bu hadisəni törədib”.

Məhkəmənin növbəti iclası 29 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, E.Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub. Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

E.Ağacanov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər