Anar Mehdiyevin məhkəməsi başladı


  • 16:52

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birgə ittiham olununan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsləri anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İlkin məhkəmə baxışı 5 fevral tarixinə təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Onların barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Buna səbəb təqsirləndirilən şəxslərin ibtidai istintaq müddətində ziyanı tam ödəməsi olub.

Zərərçəkən qismində "Azərşəkər" MMC tanınıb.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan "Dastan Agro" MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

Anar Mehdiyevlə birgə məsuliyyətə cəlb edilən və barəsində cinayət işi açılan Ruslan Ələsgərov da tanınmış iş adamıdır. O, "Gilan Pivot" MMC-nin rəhbəridir.

Bir müddət əvvəl Anar Mehdiyevin rəhbərlik etdiyi şirkətlə R.Ələsgərovun şirkəti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Şirkət əsasən kənd təsərrüfatı üçün suvarma sistemlərinin satışı və quraşdırılması ilə məşğuldur.

Humay Eminqızı

Oxşar xəbərlər