- 16:32
Tovuzda 20 qəpiyə görə adam döyən şəxs 1500 manat cərimə olunub.
E-huquq.az-ın məlumatına görə, 1968-ci il təvəllüdlü Lətif Ağayev (şərti ad-soyad) Tovuz rayonu, Qovlar şəhər parkında qovşaqdan istifadəyə görə Rəşad adlı şəxsin əlavə 20 qəpik tələb etməsini bəhanə edərək ona yumruqla zərbələr vurub. Nəticədə Rəşad xəsarətlər alıb.
L.Ağayevə qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb.
Cinayət işi üzrə keçirilən məhkəmə prosesində L.Ağayev deyib ki, həmin gün Tovuz rayonu, Qovlar şəhərində yerləşən kafelərin birində spirtli içki qəbul edib, daha sonra sanitar qovşaqdan istifadə etmək üçün Qovlar şəhər parkında yerləşən ictimai sanitar qovşağa gedib. Sanitar qovşaqdan istifadə etdikdən sonra çıxan zaman orada olan Rəşad sanitar qovşağın ödənişli olduğunu deyib. Lətif ona10 manat pul verib, Rəşad isə 9 manat 50 qəpik qaytarıb. Lətif sanitar qovşaqdan istifadənin 30 qəpik olduğunu bildirərək, əlavə 20 qəpik də verməli olduğunu deyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəşad onun ünvanına nalayiq ifadələr işlədib, buna əsəbiləşən Lətif onu vurub.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Rəşad bildirib ki, həmin sanitar qovşağa nəzarət edir və sanitar qovşaqdan istifadəyə görə hər bir şəxsdən 50 qəpik pul alır. Hadisə baş verən gün Lətif sanitar qovşaqdan istifadə etdikdən sonra aralarında yaranmış mübahisə zamanı nalayiq ifadələr işlədib və onu vuraraq hadisə yerindən uzaqlaşıb.
O, hazırda Lətiflə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirib.
Məhkəmənin hökmü ilə L.Ağayev 1500 manat cərimə olunub.
Şəbnəm Mehdizadə