- 15:58
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Pərvin Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P.Quliyev 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə ifadə verən P.Quliyev deyib ki, “Bolt” taksi şirkətində taksi sürücüsü kimi çalışır və gün ərzində 24–25 sifariş yerinə yetirir. Hadisə baş verən gün axşam saatlarında Ekologiya Postu istiqamətindən 20 Yanvar tərəfə doğru təxminən 45–50 km/saat sürətlə orta zolaqda hərəkətdə olarkən telefonuna yeni sifariş gəlib. Gedəcəyi ünvanı yoxlamaq üçün bir anlıq naviqasiyaya baxdığı zaman avtomobilin ön hissəsinə nəyinsə dəydiyini hiss edib. O, əvvəlcə nə baş verdiyini anlamayıb, maşını saxlayıb düşəndə yerdə bir nəfərin uzandığını görüb. Dərhal 103 nömrəsinə zəng edərək təcili tibbi yardıma məlumat verib. Zərərçəkmiş şəxsi öz avtomobili ilə xəstəxanaya aparmaq istəsə də, hadisə yerində olan insanlar onun şokda olduğunu deyərək buna icazə verməyiblər. Təxminən 5 dəqiqə sonra təcili tibbi yardım gəlib və zərərçəkmiş şəxsi xəstəxanaya aparıb.
P.Quliyev avtomobilini yolun kənarında saxlayaraq kilidləyib və taksi ilə “Semaşko” xəstəxanasına gedib. Xəstəxanaya çatan kimi 102 xidmətinə də məlumat verib. Hadisədən sonra 6-7 gün xəstəxanaya gedib-gəldiyini, daha sonra zərərçəkmiş şəxsin ailəsinin ondan dərman pulu istədiyini, lakin maddi imkanı olmadığı üçün kömək edə bilmədiyini bildirib. Bundan sonra aralarında münasibətlərin kəsildiyini deyib. O, bildirib ki, zərərçəkmiş şəxsin vəfat etdiyini yalnız 40 mərasimi keçdikdən sonra bilib.
Son sözündə təqsirləndirilən şəxs 20 illik sürücülük təcrübəsi olduğunu və indiyə qədər sürücülüyü ilə bağlı şikayət edilmədiyini bildirib. Hadisə zamanı piyada olan zərərçəkmiş şəxsin piyada keçidindən istifadə etmədiyini, diqqətli olsaydı özünü qoruya biləcəyini deyib. P.Quliyev bildirib ki, mərhum istəsə idi, özünü maşının altına atmaya bilərdi. Qeyd edib ki, zərərçəkmiş şəxsin yerində kim olursa olsun, özünü qoruyaraq ölməyə bilərdi. O, diqqətinin bir anlıq yayınmasına baxmayaraq, hər hansı təhlükəli manevr etmədiyini qeyd edib. Videogörüntülər araşdırılarsa, dediklərinin təsdiqlənəcəyini bildirib.
Qeyd edək ki, hadisə ötən il iyulun 30-da saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən hissəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü P.Quliyev idarə etdiyi "BYD" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Vaqif Rəhimovu vurub. Piyada aldığı xəsarətdən dünyasıı dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Şəbnəm Mehdizadə