Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmədə “Semaşko”nun həkimlərinin dindirilməsi istənildi


  • 11:01

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib. Vəkil məhkəmə tərkibi dəyişdiyi üçün işə yenidən başlanmasını, zərərçəkmişlər, təqsirləndirilən şəxslər və şahidlərin yenidən dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iş üzrə şahid qismində tanınan Dövlət Yanğın Nəzarəti Xidmətinin böyük inspektoru Aqşin Səmədov ifadə verib.

O bildirib ki, 2023-cü ilin noyabr ayınadək xidmətdə olub və həmin ilin iyun ayına qədər mərkəzdə yoxlama aparılıb: "Yoxlama adətən ilin ilk rübündə baş tuturdu. Personal heyətə təhlükəsizliklə bağlı təlimlər keçirilib. Yanğın zamanı təxliyənin haradan və necə həyata keçirildiyi barədə məlumatlar verilib. Yanğın təhlükəsizliyi ilə bağlı gecə yoxlamaları aparılıb. Yoxlama zamanı nöqsanlar aşkar edildikdə, protokol tərtib edilib, bəzən cərimə də tətbiq edilib. Lakin işlədiyim dövr ərzində məhkəməyə göndərilməsi lazım olan hal baş verməyib”.

Daha sonra M.Abasquliyevanın vəkili vəsatətlə çıxış edib: “Vəziyyəti ağır olan körpələr Perinatal mərkəzdən Kliniki Tibbi Mərkəzə (Semaşko) göndəriliblər və onların yanında Perinatal mərkəzin həkimləri olub. Lakin onlara körpələrə hər hansı bir tibbi yardım göstərməsinə icazə verilməyib. Onlar geri qayıdıblar. Biz Kliniki Tibbi Mərkəzə göndərilən tibbi personalın dindirilməsini istəyirik”.

İş üzrə zərərçəkmiş şəxsin hüquüi varisi bildirib ki, onun övladı da Kliniki Tibbi Mərkəzdə vəfat edib: ““Semaşko”nun öz həkimləri uşaqlara baxmağa risk etmirdi. Buna səbəb körpələrin vəziyyətinin ağır olması idi. Perinatal mərkəzin həkimləri orada olub. Körpələrə nəzarət və müayinədə Perinatal mərkəzin həkimləri tərəfindən təmin edilib”.

M. Abasquliyeva bildirib ki, Perinatal mərkəzin həkimləri Kliniki Tibbi Mərkəzə buraxılmayıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası 4 fevral tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər