Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi baş tutub


  • 13:18

Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin növbəti məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İntiqam Kərimov ifadə verib.

"Saxta sənəd düzəldib möhür vururdum, saxta olduğu qəti bilinmirdi. Bir gün bu əməlimin üstü açıldı. Mən özümü yalnız Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə təqsirli bilirəm”, - deyə o bildirib.

Məhkəmənin növbəti iclas 25 fevral tarixinə təyin edilib.

İttihama görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət Komissiyasının üzvü olan Əlişirin Əliyev, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Qabil Quliyev və İntiqam Kərimov ilə birgə cinayət əlaqəsinə girib. Onlar, heç bir ciddi xəstəliyi olmayan, əslində əlillik statusu almağa haqqı olmayan şəxslərə, Həkim Məsləhət Komissiyasının müayinəsindən keçmədən və real tibbi diaqnoz olmadan, əlillik təyin etmək məqsədilə, "e-tabib" elektron sistemi vasitəsilə yalan məlumatlar daxil ediblər. Bu saxta məlumatlar daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilib. Bütün bunların qarşılığında isə Əlişirin Əliyev və onun tərəfdaşları külli miqdarda rüşvət alıblar.

Toplanmış sübutlar əsasında Əlişirin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər