Sevgilisinin ərini öldürməkdə təqsirləndirilən şəxs: "Əlcək taxdım ki, əl izlərim qalmasın"


  • 11:37

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanov cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadələrdə kəskin ziddiyyət olduğu üçün ilk olaraq Zahir Soltanovun ifadəsi elan edilib.

O istintaqa verdiyi ifadədə qeyd edib ki, 2024-cü ilin dekabr ayında Leyla ilə dost münasibətləri sevgi münasibətinə çevrilib. Amma yaxın əlaqəyə girməyiblər. Buna səbəb Leylanın uşaqlarının evdə olması olub. Z.Soltanov bildirib ki, rahat danışmaları üçün Leylaya telefon alıb, bir müddət sonra onun əri telefonu tutub və yazışmaları oxuyub. Bu səbəbdən də mərhum Zahirin ünvanına, anasının ünvanına söyüşlər söyüb: “Mən İkramı söyüşlərinə görə öldürmək qərarına gəldim. İkramla qarşılaşsaq, özümü qoruya bilmək üçün bıçaq və əlcək almışdım. Əlcəyi ona görə aldım ki, birdən İkrama xəsarət yetirsəm, əl izlərim qalmasın. Mesaj yazıb İkramın çölə çıxmasını istədim. Əslində evə girib öldürmək istəyirdim, amma sonra düşündüm birdən evdə Leylanın anası olar. Öz evimə qayıtdım, çünki İkrama mesaj və zəng çatmırdı. Evdə bıçaq və əlcəkləri gizlətdim, yemək yeyib hamı yatandan sonra 03:10 radələrində evdən çıxdım. Əlcəkləri əlimə taxdım və risk edib onların evinə mətbəx pəncərəsindəki setkanı çıxarıb daxil oldum. İkramın yatdığı otağa girdim və əlimdəki bıçaqla boğaz və baş nahiyyəsinə 3-4 zərbə endirdim. 1-ci zərbədən sonra oyandı. O ayağa qalxsa da, yerə yıxıldı, telefonunu götürüb onunla olan yazışmaları iz itirmək məqsədi ilə sildim. Onu evdən çıxarmaq istəsəm də, alınmadı. Evə qayıdanda əynimi dəyişdim, əlcəkləri yudum. Təxminən o vaxtlarda Leylanın səsi gəldi. Şübhə yaratmamaq üçün yanına gedib nə olduğunu soruşdum. Qətlə yetirəndə tək olmuşam, heç kim kömək etməyib”.

Z.Soltanov növbəti əlavə ifadəsində isə İkramın onu əli ilə çağırdığını bildirib: “Problem olmasın deyə yanına getdim, bıçağı da özümlə götürdüm. Evinə yaxınlaşanda gördüm İkramın əlində də bıçaq var və onu sinəmə tərəf tutub məni öldürəcəyini dedi. Mübahisə etdik və məsələni həll etmək üçün başqa yerə getmək qərarına gəldik. O, paltarını geyinməyə getdi. Düşündüm ki, məni başqa yerə aparıb öldürəcək. Buna görə də paltar geyinərkən ona zərbələr endirdim”.

Z.Soltanov ifadənin ziddiyyətli verilmə səbəbini açıqlamaq istəmədiyini bildirib.

Növbəti məhkəmə iclasında digər təqsirləndirilən şəxsin ifadəsindəki ziddiyyətlər elan ediləcək və şahidlər dindiriləcək.

Məhkəmənin növbəti iclası 5 fevral tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib. 29 yaşlı İkram Piriyev Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilib.

Humay Eminqızı

Oxşar xəbərlər