"Məhkəmələr tərəfindən ekspert rəylərinin alınmasında ciddi çətinliklər var"


  • 14:36

Hazırda Azərbaycan Respublikasında məhkəmələr tərəfindən ekspert rəylərinin alınması prosesində ciddi çətinliklər müşahidə olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Bildirilib ki, bu problemlər xüsusilə tikinti, daşınmaz əmlak, gömrük və vergi sahələrində daha qabarıq şəkildə özünü göstərir.

Hesabata əsasən, əsas problemlər aşağıdakılardır:

Kadr çatışmazlığı - müvafiq ixtisaslaşmış ekspertlərin sayı məhkəmə sisteminin tələbatını ödəmir;

İxtisaslaşma səviyyəsinin aşağı olması - mövcud ekspertlər arasında konkret sahələrə (vergi, gömrük, maliyyə uçotu, tikinti və s.) dair biliklərə malik mütəxəssislər azdır;

Ekspertiza infrastrukturunun zəifliyi - bir çox hallarda ekspertiza təşkilatları maddi-texniki baza, müasir avadanlıqlar və laborator imkanlarla yetərincə təchiz
olunmayıb;

Asılılıq riski - ekspert rəylərinin obyektivliyi bəzən təşkilati və institusional asılılıqlara görə şübhə altına düşür.

Qeyd olunub ki, bu problemlər nəticə etibarilə məhkəmə işlərinin obyektiv və hərtərəfli araşdırılmasını çətinləşdirir.

Ticarət Palatasının ekspertləri ekspertiza sisteminin təkmilləşdirilməsi üçün kadr potensialının gücləndirilməsini məqsədəmüvafiq hesab edir.

Hesabatda vurğulanır ki, ali təhsil müəssisələrində, xüsusilə hüquq, iqtisadiyyat, mühəndislik və maliyyə fakültələrində məhkəmə ekspertizası üzrə ixtisas proqramları təsis edilməli, daimi təlim və təkmilləşdirmə proqramları tətbiq edilməlidir ki, ekspertlər beynəlxalq standartlara uyğun fəaliyyət göstərə bilsin.

Hesabatda, həmçinin müstəqil ekspertiza institutlarının yaradılması tövsiyə olunur.

Bildirilir ki, dövlət strukturlarından asılı olmayan, müstəqil ekspertiza şirkətlərinin və laboratoriyaların fəaliyyət göstərməsi təşviq edilməlidir. Müstəqil ekspertiza təşkilatlarının müasir texniki vasitələrlə (ölçmə cihazları, proqram təchizatı, məlumat bazaları və s.) təchiz olunmasına nəzarət edilməlidir.

Oxşar xəbərlər