- 12:05
Əlillik pensiyası düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevayanın digər epizod üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər mülki iddia verib.
Zərərçəkənlər ümumilikdə 100 min manatdan artıq mülki iddia verib.
S.Mirzəyeva mülki iddanı qəbul etməyib.
Daha sonra vəsatətlə əlavə şahid qismində dəvət olunan təqsirləndirilənin həyat yoldaşı Rasim Mirzəyev ifadə verib.
O bildirib ki, həyat yoldaşının daha öncəki 3 cinayət işindən birincisi başlayanda xəbəri olub: "Sabunçuda cinayət işi başlayanda hadisələrdən xəbərdar olmuşam. Özüm də hərbi qulluqçuyam. Həyat yoldaşım axtarışda olanda yeri barəsində məlumatım olmayıb. Zərərçəkənlərdən Samirənin sürücüsü Maliki, Mahirəni bir də Emini tanıyırdım. Sonradan öyrəndim ki, heç onun adı Emin deyil".
İş üzrə bəzi zərərçəkənlər bildirib ki, R.Mirzəyevin olanlardan xəbəri olub. Hətta bir qismi pulu onun gözünün qarşısında arvadı S.Mirzəyevaya verib.
Ona ünvanlanan suallara "xəbərim olmayıb" deyə cavablandıran R.Mirzəyevə hakim V.Quliyev irad bildirib: "Özün hərbçi işləyirsən. Yoldaşının işlərindən xəbərin yoxdur. Bəlkə elə o, xarici kəşfiyyata işləyirdi?"
Daha sonra prosesdə Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi Ruhin Tağıyev ifadə verib. O bildirib ki, S.Mirzəyevanı bacısı - zərərçəkən Mahirə Tağıyeva vasitəsi ilə tanıyıb: "Bacım onunla telefonda danışırdı. Demişdilər ki, əlilliklə bağlı məsələləri Samirə həll edə bilir. İndi o, həbsdə olduğu üçün rahat danışa bilirəm. Bacım, onun oğlu Nicat Samirə ilə işlərini məndən gizlədiblər. Artıq iş-işdən keçəndən sonra bilmişəm. Mən özüm heç Samirə Mirzəyevanı tanımırdım. Zərərçəkən bacım oğlu Nicatı hazırda iş üzrə bəzi zərərçəkənlərlə mən tanış eləmişəm. Nicat onlarla Samirəni tanış edib. Mənim hazırda təqsirləndirildiyim işin isə Samirə ilə heç bir əlaqəsi yoxdur. O, başqa işdir".
Qeyd edək ki, Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Tağıyevin barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Hazırda Ruhin Tağıyev barəsində Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqı davam edir.
R.Tağıyevin bacısı oğlu, zərərçəkən qismində tanınan Nicat da dayısının dediklərini təsdiq edib: "Dayımla Samirənin heç bir əlaqəsi olmayıb. Onun dələduz olduğu müəyyən olunandan sonra dayımla danışmışam. Samirə də dedi ki, pulu qaytarmayacaq".
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsinə keçilib.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası 13 fevral tarixinə təyin edilib.
Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı vədlər verib.
O, daha öncə digər 13 zərərçəkən şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. S. Mirzəyevanın digər epizod üzrə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma)maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı