DGK-nin vəzifəli şəxslərinin məhkəməsi başladı


  • 12:05

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törətmiş şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları yoxlanılıb.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib

Baxış 13 fevral tarixinə təyin edilib.

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan Respublikasının vətəndaşı Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Rezayan Jafar Rafıe oğlu ilə cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etdikləri məlum olub. Onların aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İran İslam Respublikasında əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycana məxsus aksiz markası markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkə ərazisinə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatla toplanmış sübutlar əsasında Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə halında külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma), Etibar Hatəmliyə həmin Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Jafar Rezayana isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri üzrə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər