- 14:58
Arvadı haqqında yayılan şayiələrə görə həmkəndlisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Bəhruz Mustafazadənin (şərti soyad) cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, B. Mustafazadə Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs 2025-ci ilin aprel ayının sonunda Rusiya Federasiyasında olarkən Lənkəran rayonunun Osaküçə kəndində yaşayan həyat yoldaşı Elnarə (şərti) ilə qonşusu Səməd (şərti) arasında sevgi münasibəti olması barədə söz-söhbət yayıldığını eşidir. O, söz-söhbətin doğru olduğundan şübhələnir. Bu səbəbdən o, Səməddən qısqanclıq zəminində qisas almaq və onu öldürmək qərarına gəlir. Bu məqsədlə 27 iyun 2025-ci ildə Rusiyadan Lənkəran şəhərinə gəlir. O, Səmədin hər gün səhər saatlarında Lənkəran şəhər mərkəzi bazarında alver etdiyini bildiyi üçün 29 iyun 2025-ci il tarixdə səhər saat 07:00 radələrində “Böyük bazar” adlanan bazara gedir. Orada Səmədi tərəvəz satarkən görür və əvvəlcədən özü ilə gətirdiyi mətbəx bıçağı ilə ona hücum edərək 4 dəfə bıçaq zərbəsi vurur. Nəticədə Səməd ağır xəsarətlər alır. Hadisə zamanı bazarda olan satıcılardan biri dərhal müdaxilə edərək Bəhruzu saxlayır, digər satıcı isə onun əlindəki bıçağı alır. Zərərçəkmiş şəxs ətrafdakı insanların köməyi ilə vaxtında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılır və tibbi yardım göstərildiyi üçün həyatı xilas edilir.
Humay Eminqızı