- 14:14
Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn mühüm vəzifələrin icrası istiqamətində ardıcıl addımlar atılıb, hakim vakansiyalarının komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilib.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, ötən dövr ərzində 2600-dən çox hakimliyə namizəd seçim prosesində iştirak edib. Onlardan 333 nəfəri uğurlu nəticə göstərərək Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə birinci instansiya məhkəmələrinin hakim vəzifəsinə təyin olunub.
Onun sözlərinə görə, ümumilikdə 2023-2025-ci illərdə 220 nəfər hakim vəzifəsinə təyin edilib.
N.Səfərov qeyd edib ki, hazırda məhkəmə sistemində 705 hakim fəaliyyət göstərir və yaxın illərdə hakimlərin sayının 800-ə çatdırılması nəzərdə tutulur.
Deputat vurğulayıb ki, qeyd olunan statistik göstəricilər yalnız kadr potensialının artırılmasına deyil, eyni zamanda məhkəmə sisteminin keyfiyyətcə yenilənməsinə xidmət edir.
Şəbnəm Mehdizadə