- 17:10
"Birinci instansiya məhkəmələrində inzibati xətalar üzrə baxılmış işlərin sayı 2024-cü ildə 112 min 21 olduğu halda, 2025-ci ildə 133 min 46-ya çatıb. Bu, təxminən 18 faiz artım deməkdir".
E-huquq.az xəbər verir k, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Komitə sədri qeyd edib ki, bu artım hakimlərin gündəlik iş yükünə birbaşa təsir göstərir və həm operativlik, həm də qəbul edilən qərarların keyfiyyəti baxımından vəziyyətin qiymətləndirilməsini zəruri edir.
Z.Oruc həmçinin bildirib ki, oxşar dinamika mülki və kommersiya mübahisələrində də müşahidə olunur. 2025-ci ildə birinci instansiya məhkəmələrində 167 min 312 mülki işə baxılıb və iddiaların 95 faizi təmin olunub.
Onun fikrincə, bu göstəricilər vətəndaşların və hüquqi şəxslərin məhkəmələrə aktiv müraciət etdiyini göstərsə də, eyni zamanda ilkin mərhələlərdə – inzibati orqanlar, müqavilə münasibətləri və sahibkarlıq subyektləri arasında hüquqların tam qorunmaması ehtimalını da gündəmə gətirir.
Komitə sədri əlavə edib ki, apellyasiya və kassasiya instansiyalarının nəticələrinin cəmiyyət üçün daha açıq və şəffaf təqdim olunması vacibdir. Onun sözlərinə görə, birinci instansiya məhkəmələrinin qərarlarının yuxarı instansiyalarda nə qədərinin qüvvədə saxlanıldığı, dəyişdirildiyi və ya ləğv edildiyi barədə ictimai məlumatlılıq artırılmalıdır.
O, həmçinin qeyd edib ki, Məhkəmə-Hüquq Şurasının saytında bu göstəriciləri tam şəkildə izləmək çətin olsa da, bu sahədə islahatlar davam edir. "Elektron məhkəmə" platformasının yeni sistemə keçidi də bu istiqamətdə mühüm addımlardan biri kimi qiymətləndirilir.
Sonda Z.Oruc bildirib ki, gələcəkdə əhalinin hər 100 min nəfərinə düşən hakim sayının artırılması da nəzərdə tutulur.
Şəbnəm Mehdizadə