- 14:53
Bakının Yasamal rayonunda tanışını anlaqsız vəziyyətdə öldürməkdə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, E. Ağacanovun cəzadan azad edilərək, barəsində ixtisaslaşdırılmış məcburi müalicənin təyin edilməsini məhkəməyə təklif edib.
Zərərçəkmiş şəxsin vəkili ailənin istintaqın gedişindən narazı olduğunu deyərək işin istintaqa qaytarılmasını istəyir.
Məhkəmə müşavirəyə gedib və daha sonra hökm oxunub.
Hökmə əsasən, Emil Ağacanovun qətli anlaqsız vəziyyətdə törətdiyi və psixi problemləri olduğu qənaətinə gəlinib və onun barəsində məcburi tibbi xarakterli tədbirlər görülməsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsinə qərar verilib. O, həmçinin narkotik asılılığından əziyyət çəkdiyi üçün də müalicə alacaq.
Qeyd edək ki, hadisəsi 2025-ci ilin avqust ayında Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti E.Ağacanova məxsus mənzilin hamamında, vannada çılpaq vəziyyətdə aşkar olunub. İlkin araşdırmalar zamanı qadının E.Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.
İttihama əsasən, təqsirləndirilən şəxslə mərhum arasında sevgi münasibətləri olub. E.Ağacanov narkotikin təsiri altında dini mahnılara qulaq asıb, daha sonra mərhumu öldürüb. Təqsirləndirilən barəsində ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, sonradan onun anlaqsız vəziyyətdə olması nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib və polisin nəzarətinə verilib.
Qeyd edək ki, E.Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub. Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
E.Ağacanov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Humay Eminqızı