Atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirildi


  • 17:02

Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda mərhumun atası, təqsirləndirilən şəxsin babası Ümüd Vəliyev ifadə verib.

"Hadisə günü evdə olmamışam. Hadisənin baş verdiyini evə gələndə İftixarın yoldaşından öyrənmişəm. Oğlum 20 ildir ailəli idi. Belə bir hadisənin baş verə biləcəyini ağlıma belə gətirməzdim. Bəzən ailədaxili mübahisələr olurdu. Ayxan atasını mübahisələr zamanı ölümlə hədələməyib, ümumiyyətlə bu barədə heçnə deməyib. Hadisə günü mübahisə vaxtı İftixarın əlində bıçaq var idi. Nəvəm gələndə anasının əlində qan görüb və elə bilib ki, atası anasını bıçaqlayıb. Buna görə də nəvəm oğlumu bıçaqlayıb. Nəvəmə qarşı şikayət və tələbim yoxdurr" - Ü. Vəliyev deyib.

Digər şahid, təqsirləndirilən şəxsin nənəsi Ferənaz Vəliyeva məhkəmədə ifadə verməkdən imtina edib.

Məhkəmənin növbəti iclasında təqsirləndirilən şəxsin anası Səadət Vəliyeva və bacısı Ləman Vəliyeva ifadə verəcək.

Məhkəmənin növbəti iclası 24 iyun tarixinə təxirə salınıb.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında, gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub. 44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. 19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli şəxs qismində saxlanıb.Faktla bağlı cinayət işi başlanılıb, A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Humay Eminqızı

Oxşar xəbərlər