- 11:23
Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndirilən Ə.Ş -nin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili xaricdə olduğu üçün iclasda iştirak etməyib.
Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində anası iştirak edəcək.
Vəkil iclasda iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası təxirə salınıb.
Məhkəmənin növbəti iclası 17 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
Humay Eminqızı