Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxsin məhkəməsi keçirildi


  • 17:33

5 milyonluq siqaret qaçaqmalçılığında təqsirləndirilən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ifadə vermək təklif edilib.

F. Məhərrəmov özünü qismən təqsirli bildiyini və ifadə verməkdən imtina etdiyini deyib: “İfadə verməkdən imtina edirəm, ibtidai istintaq dövründə verdiyim ifadəni təsdiq edirəm” .

Sədrlik edən hakimin sözlərinə görə, təqsirləndirilən şəxs istintaq dövründə 3 dəfə bənzər ifadə verib.

Daha sonra dövlət ittihamçısı F.Məhərrəmova siqaretlərin haradan gətirildiyi, hansı şəraitdə əldə edildiyi, ölkə ərazisinə necə gətirildiyi, kimə satılacağı, siqaretlərin aşkar edildiyi sahənin kimə aid olduğu barədə suallar versə də, o ya məlumatı olmadığını ya da cavab vermək istəmədiyini deyib.

F. Məhərrəmov bildirib ki, ona məxsus anbar yoxdur və siqareti daşıyan avtomobilin sürücüsünü tanımır.

Dözlət ittihamçısı eyni zamanda F.Məhərrəmovun vəzifəli şəxslərlə əl birliyinin olub-olmadığını soruşub. Lakin təqsirləndirilən şəxs bu suala da aydınlıq gətirməyib.

Sədr hakim təqsirləndirilən şəxsdən iş üzrə şahidləri tanıyıb-tanımadığını soruşub. O isə tanımadığını deyib.

Məhkəmənin növbəti iclasında şahidlər dindiriləcək.

Məhkəmənin növbəti iclası 19 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, Fariz Məhərrəmov xaricdən qaçaq yollarla xüsusilə külli miqdarda siqaret tütünlərinin daşınmasında və ölkə ərazisində satışını həyata keçirməkdə təqsirləndirilir. İttihama görə, bu cinayətdə o, dəstə üzvləri ilə birgə fəaliyyət göstərib.

Qeyd olunan əməlinə görə ona AR Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi açılıb.

Faktla bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov da həbs ediliblər.

5 iyun tarixində məhkəmənin qərarı ilə Ruslan Eyyubov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Humay Eminqızı

Oxşar xəbərlər