- 13:47
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun məhkəməsinin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
O, Akif Qurbanovun 16 il , Ələsgər Məmmədlinin 15 il , Ruslan İzzətlinin 16 il , Ramil Babayevin 14 il, Əli Zeynalovun 15 il , Müşfiq Cabbarovun 14 il , İlkin Əmrahovun 14 il, Fərid İsmayılovun 13 il və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Qeyd edək ki, 2024 - cü il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.
Humay Eminqızı