- 13:10
"Ədalət mühakiməsinin səmərəli şəkildə həyata keçirilməsində vəkillərin və mediatorların böyük rolu var".
E-huquq.az xəbər verir ki, bunu Naxçıvan MR Ali Məhkəməsinin sədr müavini Müşfiq Həsənov Naxçıvanda keçirilən "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" rolu mövzusunda regional konfransda deyib.
O bildirib ki, vəkilliyin əsas missiyası insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirməkdir. "Vəkillik institutu qədim tarixə və zəngin ənənələrə malikdir. Ədalət mühakiməsinin həyata keçirilməsində vəkillər mühüm rol oynayırlar. Sevindirici haldır ki, məhkəmə sistemində vəkillərə hörmətlə yanaşılır. Azərbaycan Respublikasında vəkillərin fəaliyyətini tənzimləyən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun 1999-cu ildə qəbul olunub ki bu da ölkəmizdə vəkillik institutunun daha da təkmilləşməsi üçün hüquqi baza rolunu oynayıb".
Sədr müavininin sözlərinə görə, təcrübə göstərir ki, vəkilin iştirak etdiyi işlərdə məhkəmə araşdırması daha səmərəli və operativ aparılır: "Vətəndaş peşəkar hüquqi yardım aldıqda həm öz hüquqlarını daha yaxşı müdafiə edir, həm də məhkəmənin işi asanlaşır".
M.Həsənov qeyd edib ki, mediasiya institutu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir: "Mediasiya həm məhkəməyə qədərki mərhələdə mübahisələrin həllinə kömək edir, həm də məhkəmə baxışı zamanı tərəflərin barışmasına şərait yaradır. Bir çox hallarda mediatorun fəaliyyəti nəticəsində mübahisə məhkəməyə çatmadan həll olunur. Digər hallarda isə məhkəmə tərəfləri mediasiyaya yönləndirir və nəticədə mübahisə daha qısa müddətdə həll edilir. Bu isə həm vətəndaşların, həm də məhkəmələrin işini asanlaşdırır".
Onun sözlərinə görə, vəkillərin və mediatorların peşəkarlığının artırılması xüsusi əhəmiyyət daşıyır: "Onlar nə qədər hazırlıqlı və peşəkar olsalar, ədalət mühakiməsinin həyata keçirilməsinə bir o qədər böyük töhfə vermiş olacaqlar. Hesab edirəm ki, güclü və peşəkar vəkillik institutu, eləcə də inkişaf etmiş mediasiya sistemi müasir məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin əsas dayaqlarından biridir".
Şəbnəm Mehdizadə