Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədova hökm oxundu


  • 15:22

Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Zaur Mirzəzadə məhkəmələrdə iştirak etməməyinin səbəbini izah edib.

O, səhhətində problemlər olduğunu bildirib.

Daha sonra məlum olub ki, Rasim İldırımzadə 2 ilə yaxındır onun hüquqlarını müdafiə edən vəkildən son söz mərhələsində imtina edib.

"Vəkil hüquqlarımı yaxşı müdafiə etmirdi", - R. İldırımzadə bildirib.

Dövlət ittihamçısı bildirib ki, yeni vəkilin işə buraxılmasına zərurət yoxdur və bu, məhkəmə prosesinin süni uzadılmasıdır.

Məhkəmənin qərarı ilə onun yeni vəkili işə buraxılmayıb.

Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Hökmə əsasən, Rasim İldırımzadə 9 il 9 ay, Zaur Mirzəzadə 10 il 3 ay və Qoşqar Məmmədov 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.

Humay Eminqızı

Oxşar xəbərlər