- 15:22
Oğurluq etdiyi evdən qaçarkən onu yaxalayan adamı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Hüseyn Cəfərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Vəkillər çıxış üçün vaxt istəyiblər.
Məhkəmənin növbəti iclası 18 iyun tarixinə təyin edilib.
Xatırladaq ki, Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 12 il əvvəl, 2014-cü il noyabrın 19-da 49 yaşlı Hənifə Namiqin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, keçirilən tədbirlərlə 36 yaşlı Azərbaycan vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Humay Eminqızı