- 10:03
Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndirilən Ə.Ş -nin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ə.Ş -nin vəkili vəsatət verərək məhkəmənin qapalı keçirilməsini və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məhkəmədən xahiş edib.
“Yetkinlik yaşına çatmayan şəxsdir, püxtələşmə dövründə oyunlar, kompüter səbəbindən boşluğa düşüb”, - vəkil deyib.
Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin təmin edilməməsini təklif edib, məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatəti isə məhkəmənin mülahizəsinə buraxıb.
Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası 1 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
Humay Eminqızı