- 18:50
Bloger, “Zevs” ləqəbli Ruslan Quliyevin 19 yaşlı qardaşı Hüseyn Quliyevin məhkəməsi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti proses iyunun 24-də davam edəcək.
Qeyd edək ki, H.Quliyev müxtəlif vaxtlarda sosial şəbəkələrdə gündəmə gələn “Zevs” ləqəbli Ruslan Quliyevin qardaşıdır. O, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda və dələduzluqda ittiham edilir.
İttihama görə, sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən "Farmaniya.com" platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək "Farmaniya.com" saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb.
H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb.
Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.
H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.
Humay Eminqızı