Vəkil: “Övladımın ölümündə günahı olan şəxslər cəzalarını alacaqlar” - Yasamaldakı yanğınla bağlı MƏHKƏMƏ


  • 18:50

Ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu ərazisində, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş, 3 nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı təqsirləndirilən Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə onlara hüquq və vəzifələrini izah edib.

İş üzrə dövlət ittihamını prokuror Cövdət Mehrəliyev müdafiə edəcək.

Zərərçəkmiş şəxslərin vəkili vəsatətlə çıxış edərək işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş edib: “İstintaqın toxunmadığı məqamlar var. Vüqar Abbasov iş üzrə, nədənsə, zərərçəkmiş qismində tanınıb”.

Azyaşlı qızı yanğın nəticəsində vəfat edən vəkil Əli Qəmbərov bildirib ki, “Loft” adlı restoranın mülkiyyətçisi Vüqar Abbasov da Bəhruz Paşayev kimi təqsirlidir və o cinayət məsuliyyətindən yayındırılıb: “Vüqar Abbasov prosesdə zərərçəkmiş kimi iştirak etməməlidir. Mənim övladımın ölümündə günahkar şəxslər cəzalarını alacaqlar, başqa çıxış yolu yoxdur. Amma mən istəyirəm ki, qanun qarşısında cəza alsınlar”.

Hiddətlənən vəkil daha sonra məhkəmə zalını tərk edib.

Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin ilk baxış iclası 30 iyul tarixinə təyin edilib.

İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına, habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.

Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər