"Süni intellekt məhkəmə fəaliyyətinin həyata keçirilməsi mexanizmlərinin ayrılmaz elementinə çevrilib"


  • 11:17

"Müasir dövrdə rəqəmsal texnologiyaların və süni intellekt sistemlərinin sürətli inkişafı ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərməkdədir".

E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitindəki çıxışı zamanı söyləyib.

Sədr bildirib ki, "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunun müzakirəyə çıxarılması müasir hüquqi dövlət anlayışı və insan hüquqlarının müdafiəsi baxımından xüsusi aktuallıq kəsb edir:

"Xüsusilə qeyd edilməlidir ki, Ombudsman təsisatının vətəndaşlar üçün yüksək əlçatanlığı, müraciətlərə operativ baxılması, hüquqi maarifləndirmə fəaliyyəti və dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunu uğurla yerinə yetirməsi insan hüquqlarının müdafiəsinin səmərəliliyinə mühüm töhfə verir. Son illər Ombudsman Aparatı tərəfindən həyata keçirilən təşəbbüslər, beynəlxalq əməkdaşlıq layihələri və insan hüquqlarının təşviqi istiqamətində görülən işlər bu təsisatın nüfuzunu daha da artırıb. Müasir dövrdə rəqəmsal texnologiyaların və süni intellekt sistemlərinin sürətli inkişafı ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərməkdədir. Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadi münasibətlərin, informasiya təhlükəsizliyinin, məhkəmə fəaliyyətinin və insan hüquqlarının həyata keçirilməsi mexanizmlərinin ayrılmaz elementinə çevrilib. Bu proses, bir tərəfdən, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, məlumatların operativ emalı, vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi və ictimai idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Digər tərəfdən isə, şəxsi məlumatların qorunması, hüquqi məsuliyyətin müəyyən edilməsi, alqoritmik diskriminasiya, rəqəmsal nəzarət və fundamental hüquqların müdafiəsi ilə bağlı yeni hüquqi çağırışları meydana çıxarır".

F.Abdullayev qeyd edib ki, məhz bu səbəbdən süni intellektin inkişafı və tətbiqi məsələsi hüquqi dövlət prinsipləri, konstitusion təminatlar və beynəlxalq insan hüquqları standartları kontekstində qiymətləndirilməlidir:

"Bu yanaşma Azərbaycan Respublikası konstitusion hüquq sistemində də öz əksini tapmışdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi təsbit edilib".

Oxşar xəbərlər