- 20 İyun 20:56
Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın məhkəməsinin növbəti prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Fəridə Novruzovanın vəkili müdafiə etdiyi şəxsin 5 aylıq hamilə olduğunu deyib.
Təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
Daha sonra məhkəmə qərar qəbul etmək üçüm müşavirəyə gedib.
Məhkəmə istintaqın yenilənməsi ilə bağlı qərar qəbul edib.
Buna səbəb məhkəmə tərəfindən Auditorlar Palatasının 3-4 illik büdcəsinin müəyyən olunması ilə bağlı sözügedən müəssisəyə sorğunun göndərilməsi olub.
Məhkəmənin növbəti iclası 6 iyul tarixinə təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışı zamanı hər üç təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
Humay Eminqızı