- 12:50
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırıb üzərinə gül əkməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anası dindirilib.
Daha sonra hakim S.Məmmədzadə E.Əliyevanın 5 yaşlı oğlunun məhkəmədə şahid qismində dindirilməsinin iş üzrə əhəmiyyətli olduğunu bildirib.
Hakim bildirib ki, uşaq ibtidai istintaq zamanı dindirilməyib. Hadisə baş verən gün isə evdə yalnız uşaq olub.
Azyaşlının anası hadisə baş verən zaman oğlunun yatdığını və heç nəyə şahidlik etmədiyini bildirərək oğlunun dindirilməsinə etiraz edib.
Uşağın nənəsi Cəmilə xanım də nəvəsinin şahid qismində dindirilməsinə etiraz edib: "Nəvəmin psixologiyası pozulub, hələ də atasının yolunu gözləyir. Onu psixoloqa belə aparmalı olmuşam. O bilsə ki, anası atasını öldürüb, elə bəlkə də böyüyəndə birinci bıçağı anasına vuracaq”.
Tərəflərin etirazı nəzərə alınaraq uşaq şahid qismində dindirilməyəcək.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı və sənədlərin tədqiqi mərhələsinə keçildiyi elan edilib.
Məhkəmənin növbəti iclası 6 avqust tarixinə təyin edilib.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Humay Eminqızı