"İdrak" liseyində şagirdin müəllimi güllələməsinin səbəbi açıqlandı - MƏHKƏMƏ


  • 12:59

Bakıda "İdrak" liseyində müəllimini gülləməkdə təqsirləndirilən Ə.Ş -nin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş müəllim Şəhla Kamilova məhkəmə prosesində iştirak edib.

Zərərçəkmiş hazırda "İdrak" liseyində riyaziyyat müəllimi kimi fəaliyyət göstərdiyini deyib.

Təqsirləndiirlən şəxsin vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin şüşə qəfəs arxasında deyil, vəkilin yanında əyləşməsini xahiş edib. Vəsatət məhkəmə tərəfindən təmin edilib.

Daha sonra vəkil məhkəmənin qapalı keçirilməsi ilə bağlı yenidən vəsatət versə də, vəsatət təmin edilməyib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, yeniyetmə dərsə hazır olmadığından müəllimi ona irad bildirib və bu zaman o hiddətlənib. Bu səbəbdən atasının evdə gizlətdiyi odlu tüfəngi çantasında gizlədərək liseyin gözətçisinin məktəblilərin çantasına baxmadığından əmin olduğu üçün liseyə rahat keçirə bilib. Daha sonra odlu tüfəngi məktəbdə dolaba gizlədib. Dərs zamanı sanitar qovşağa getmək üçün icazə alaraq gizlətdiyi silahı dolabdan götürərək sanitar qovşağa apararaq orada atəş açmaq üçün hazır vəziyyətə gətirib. Zərərçəkmişin baş-boyun nahiyyəsini nişan alaraq atəş açıb. Öldüyünü zənn edərək daha sonra otaqdan çıxıb.

Təqsirləndiirlən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib

Məhkəmənin qərarı ilə sübutların tədqiqi ardıcıllığı təqsirləndirilən şəxsin daha sonra isə zərərçəkmiş şəxsin dindirilməsi ilə başlayacaq.

İş üzrə dindirilməli olan təxminən 15 şahid var.

Məhkəmənin növbəti iclası 24 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər