- 12:59
Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında ittiham olunan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra müdafiəçilər məhkəməyə vəsatət veriblər.
Təqsirləndirilən Zaur Haşımovun vəkili müvəkkilinin həyat yoldaşının xərçəng xəstəsi olduğunu, istintaqdan yayınması üçün əsasının olmadığını bildirərək şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Eyni zamanda, təqsirləndirilən Amil Cəbrayılov və Fərid Usubovun vəkilləri də müvəkkilləri barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş ediblər.
Təqsirləndirilən Fərrux Haqverdiyevin vəkili bildirib ki, müvəkkilinin oğlu müharibə veteranıdır, özü də müsbət xarakterizə olunur. Bunların nəzərə alınmasını və şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Daha sonra Tamerlan Axundzadənin vəkili vəsatət verərək bildirib ki, müvəkkili 44 günlük Vətən müharibəsində könüllü iştirak edib, mükafatlar alıb və müsbət xarakterizə olunur. Vəkil sadalanan halların nəzərə alınmasını, şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Tamerlan Axundzadə vəsatətə münasibət bildirərkən qeyd edib ki, cinayət törətməyib və özünü təqsirli bilmir.
Təqsirləndirilən Heydər Eyvazlının vəkili məhkəməyə bildirib ki, iş üzrə icraata xitam verilməli, cinayət işi yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmalıdır.
Məhkəmə vəsatətləri təmin etməyərək işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası iyulun 15-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Ruslan Eyyubov daha sonra səhhəti ilə əlaqədar məhkəmənin qərarı ev dustaqlığına buraxılıb.
Humay Eminqızı