- 08:28
Bakıda kirayədə birgə yaşadığı şəxsi öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, H.Həsənov daha əvvəl də 120.1-ci maddə ilə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin ilk baxış iclası 17 iyul tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Hüseyn Həsənov və Zəfər Məmmədov bir yerdə fəhlə işləyiblər və eyni evdə kirayədə qalıblar. Hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Daha sonra aralarında sözlü mübahisə düşüb, bir-birinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisə nəticəsində H.Həsənov Z.Məmmədovu 23 bıçaq zərbəsi ilə öldürüb. Daha sonra isə bıçağı qonşunun həyətinə atıb.
Ev sahibi bildirib ki, H.Həsənov hadisəni törətdikdən sonra evi yandırmaq istəyib.
H.Həsənova qarşı AR Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 120.2.9 maddələri üzrə cinayət işi açılıb.
Humay Eminqızı