- 12:06
Cəlilabadda ərini öldürməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, K.Cəfərova Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Cəlilabad rayonu, Günəşli kəndində qeydə alınıb. K.Cəfərova əri Vüsal Cəfərovu bıçaqlayaraq qətlə yetirib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, ərinin mütəmadi spirtli içki qəbul etməsi, uşaqlarına qarşı laqeyd yanaşması, onların tərbiyəsi ilə məşğul olmaması, ev işlərinin onun üzərində qalması, həm özünün, həm baldızının uşaqlarına baxması, uşaqlarının ikisinin fiziki qüsurlu olması səbəbindən kəskin sinir-psixi gərginlik halını keçirərək özünü öldürmək üçün masadakı bıçağı götürüb. Bu zaman masadan qalxan ərinin onu döyəcəyini zənn edib bunun qarşısını almaq üçün əlində tutduğu bıçaq ilə onun sinə nahiyəsinə 1 dəfə zərbə endirib.
K. Cəfərova qeyd edib ki, Vüsal ilə aralarında mübahisələr baş verən zaman bir neçə dəfə özünə xəsarət yetirmək istəyib, lakin uşaqlara görə etməyib. Boşanmaq istədikdə isə ailələri razı olmayıb.
Humay Eminqızı