Ali Məhkəmədə “Açıq qapı” günü keçirildi - FOTO


  • 16:12

Azərbaycan Respublikasının Ali Məhkəməsində müxtəlif dövlət qurumlarında fəaliyyət göstərən könüllülərin iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Görüş “Narkomaniyaya qarşı mübarizə: hüquqi əsaslar və prioritet istiqamətlər” mövzusuna həsr edilib.

Tədbirdə Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş külli və xüsusilə külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyanın üzvü Şahin Qəhrəmanov çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi əsasları, bu sahədə mövcud mexanizmlər və prioritet istiqamətlər barədə iştirakçılara məlumat verib.

Çıxış zamanı narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquqi mexanizmlərin əhəmiyyəti diqqətə çatdırılıb. Xüsusilə gənc nəslin narkomaniyanın fəsadları barədə maarifləndirilməsinin, onların sağlam həyat tərzinə təşviq edilməsinin və zərərli vərdişlərdən qorunmasının vacibliyi vurğulanıb.

Görüş çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılar Ali Məhkəmənin inzibati binası və məhkəmə iclas zalları ilə tanış olublar.

Oxşar xəbərlər