- 10:29
Sumqayıt Şəhər Məhkəməsi torpaq sahəsini qanunsuz zəbt etməkdə təqsirləndirilən İsa Fətiyev barəsində bəraət hökmü çıxarıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Anar Qasımlı məlumat verib.
Vəkilin sözlərinə görə, İ.Fətiyevin Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
İttihama əsasən, İ.Fətiyev mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Sumqayıt şəhəri, Çerkassi küçəsi yaxınlığında yerləşən 76-cı məhəllə ərazisində bələdiyyə mülkiyyətində olan, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 0,0276 hektar (276 kvadratmetr) torpaq sahəsini özbaşına zəbt edərək hasarlayıb və orada fərdi yaşayış evi inşa edib.
A.Qasımlı müdafiə tərəfinin məhkəmədə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etdiyini bildirib.
"Biz Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və Avropa Konvensiyasının 1 saylı Protokoluna istinad edərək, "potensial mülkiyyətçi" anlayışından çıxış etdik. Əsaslandırdıq ki, əgər dövlət qurumları uzun müddət ərzində həmin tikintiyə göz yumub, vətəndaşı qaz, işıq və su kimi kommunal xidmətlərlə təmin edibsə, burada hər hansı qanunsuz zəbtetmədən söhbət gedə bilməz. Bu şəxs artıq həmin ərazinin potensial mülkiyyətçisidir".
Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, İ.Fətiyevə bəraət verilib.

Şəbnəm Mehdizadə