“Şkaz Avto” MMC “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasını məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, bu barədə MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
“Şkaz Avto” iddia ərizəsində göstərib ki, “Azad Azərbaycan”la aralarında 2013-cü ilin 24 iyul tarixində maşın alqı-satqısına dair müqavilə bağlanılıb.
MMC məhkəməyə müraciət edərək, həmin müqavilənin ləğv edilməsini, müqavilə predmetini təşkil edən 2012-ci il buraxılışı olan “Şkoda Super” markalı maşının cavabdeh “Azad Azərbaycan”dan alınaraq iddiaçıya verilməsini, maşının isitifadə edildiyi hər gün üçün 50 manat olmaqla ümumilikdə 109 600 manat pulun qaytarılmasını istəyib.
Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddiaçı “Şkaz Avto” MMC-nin elektron iddia ərizəsi qaytarılmalıdır.
Belə ki, Azərbaycan Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Məhkəmə qərarında qeyd edilib ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
