Konstitusiya Məhkəməsinin indiyə qədər qəbul etdiyi qərarların sayı açıqlandı


  • 14 İyul 2020 09:25

“Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 429 qərar və 120 qərardad qəbul olunub”.

E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, bu qərarlar konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Məhkəmə sədri qeyd edib ki, Konstitusiya Məhkəməsi keçən fəaliyyət ili ərzində konstitusiya normalarından yayınma hallarının qarşısını almağa və pozulmuş hüquqların bərpasına yönələn bir sıra mühüm qərarlar qəbul edib, daxil olan sorğu və müraciətlər əsasında qanunların düzgün anlamı və tətbiqinə dair şərhlər və izahlar verib, yeni qanunların qəbul olunması, yaxud mövcud qanunlara düzəliş və əlavələr edilməsi ilə bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.

F.Abdullayev vurğulayıb ki, fəaliyyətə başladığı gündən Konstitusiya Məhkəməsi ölkə konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək kimi ali məqsədə xidmət etmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb: “Bu illər ərzində Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edərək ölkəmizdə konstitusionalizm ideyalarının həyata keçirilməsinə, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, hər kəsin Konstitusiyaya və qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə mühüm töhfələr verib”.

Oxşar xəbərlər