Məzmuna keç

Hakim: “Üzr istəmək cinayət məsuliyyətini aradan qaldırmır” – MÜSAHİBƏ

Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov xüsusi ittiham qaydasında verilən şikayətlərlə bağlı sualları cavablandırıb.

E-huquq.az həmin müsahibəni təqdim edir:

– Fuad müəllim, əvvəlcə tamaşaçılarımıza onu izah eləyək ki, xüsusi ittiham nədir, hansı əməllərə görə tətbiq olunur və digər cinayət işlərindən fərqi nədədir?

– Xüsusi ittiham qaydasında baxılan işlər insanların gündəlik həyatı ilə sıx bağlıdır. Sosial şəbəkədə yazılan bir şərh, yayılan video və ya başqasının yaradıcı əməyindən qanunsuz istifadə kimi hallar bu qaydada araşdırılan mübahisələrə səbəb ola bilər.

Əvvəlcə cinayət təqibi anlayışını aydınlaşdıraq. Cinayət-Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsinə görə, cinayət təqibi cinayət hadisəsini müəyyən etmək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi aşkara çıxarmaq, ona ittiham irəli sürmək və həmin ittihamı məhkəmədə müdafiə etmək, cəza təyin etmək, zərurət olduqda isə prosessual məcburiyyət tədbirlərini təmin etmək məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.

Həmin Məcəllənin 37-ci maddəsinə əsasən cinayət təqibinin üç növü var: xüsusi ittiham, ictimai-xüsusi ittiham və ictimai ittiham. Bu növlər, əsasən, təqibin hansı əsasla başlanmasına, məhkəməyədək araşdırmanın aparılıb-aparılmamasına, ittihamı məhkəmədə kimin müdafiə etməsinə və barışığın hüquqi nəticələrinə görə fərqlənir.

Xüsusi ittihamda təqib yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir. Şikayət birbaşa aidiyyəti məhkəməyə verilir. Bu qaydada məhkəməyədək ibtidai araşdırma aparılmır, ittihamı isə məhkəmədə xüsusi ittihamçı müdafiə edir. O, sübutlar təqdim edə, vəsatət qaldıra və ittihamla bağlı mövqeyini bildirə bilər. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) hazırlıq iclasında  təqsirləndirilən şəxslə barışdıqda xüsusi ittiham qaydasında verilən şikayətin icraata qəbul edilməsindən imtina edilir, baxış iclası zamanı isə məhkəmə müşavirə otağına gedənədək təqsirləndirilən şəxslə barışdıqda cinayət təqibinə xitam verilir.

İctimai-xüsusi ittihamda təqib, bir qayda olaraq, zərərçəkmiş şəxsin şikayəti əsasında başlanır. Cinayət-Prosessual Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulan hallarda prokuror öz təşəbbüsü ilə də təqibə başlaya bilər. İctimai ittihamda isə təqibin başlanması zərərçəkmiş şəxsin şikayətindən asılı deyil. Cinayət faktının olması cinayət təqibinin aparılması üçün əsasdır. Hər iki növdə məhkəməyədək araşdırmanı səlahiyyətli dövlət orqanları aparır və məhkəmədə ittihamı dövlət ittihamçısı müdafiə edir. Barışıq yalnız qanunda nəzərdə tutulan şərtlərlə hüquqi nəticə doğurur.

Cinayət-Prosessual Məcəllənin 37.2-ci maddəsində xüsusi ittiham qaydasında təqib edilən cinayətlər dəqiqliklə göstərilmişdir. Bunlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsindəki böhtan (hər iki hissə, 147.1 və 147.2), 148-ci maddəsindəki təhqir, 165.1-ci maddəsindəki müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma və 166.1-ci maddəsindəki ixtiraçılıq və patent hüquqlarını pozmadır.

Təhqir və böhtan əməlləri barədə irəlidə ətraflı danışacam, indi qısa olaraq Cinayət Məcəlləsinin 165.1 və 166.1-ci maddələri barədə məlumat vermək istərdim.

Cinayət Məcəlləsinin 165.1-ci maddəsi başqasının elmi, ədəbi, bədii və ya digər əsərini öz adı ilə nəşr etdirmək, müəllifliyini başqa formada mənimsəmək, əsəri qanunsuz yenidən dərc etmək və ya yaymaq, şərikli müəllifliyə məcbur etmək kimi əməlləri əhatə edir. Bu müdafiə yalnız yazıçı və bəstəkara aid deyil. Fotoqrafın əsəri, proqramçının yaratdığı proqram və digər qorunan yaradıcılıq nəticələri də hüquqi müdafiə predmeti ola bilər. Əsərin internetdə olması onu öz adına çıxarmaq və ya istənilən formada istifadə etmək icazəsi vermir. Eyni zamanda qanunun yol verdiyi istifadə hallarını da nəzərə almaq lazımdır.

Cinayət Məcəlləsinin 166.1-ci maddəsi ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadəni, onların mahiyyəti barədə məlumatı müəllifin razılığı olmadan rəsmi dərc edilənədək yaymağı, müəllifliyi mənimsəməyi və şərikli müəllifliyə məcbur etməyi nəzərdə tutur. Burada yaradıcılıq nəticəsinin hüquqi mühafizəsi, şəxsin həmin nəticəyə hüququ və qanunsuz hərəkətin nəticələri araşdırılır.

Hər iki maddə üzrə cinayət məsuliyyəti üçün həmin əməllər nəticəsində xeyli miqdarda ziyan vurulması tələb olunur. Cinayət Məcəlləsinin 165-ci maddəsinin qeydinə əsasən bu, min manatdan artıq məbləğdir. Məhz min manat həmin həddi aşmır. Cinayət Məcəlləsinin 165.1 və 166.1-ci maddələrinin hər biri üzrə min manatdan iki min manatadək cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər nəzərdə tutulur. Bu maddələrin digər hissələri isə xüsusi ittiham qaydasında baxılan işlərin siyahısına daxil deyil.

– Fuad müəllim, gündəlik həyatda, xüsusən sosial şəbəkələrdə tənqid, böhtan və təhqir anlayışları bir-biri ilə qarışdırılır. Bir çox hallarda bu, əslində, məhkəmələrin də işini artıran bir məsələdir. Bunlar barədə ümumi məlumat verməyinizi istəyərdim ki, tamaşaçılarımız bilsinlər ki, onlar harda tənqid olunurlar, harda təhqir olunurlar və ya harda böhtanla üzləşirlər ki, əsassız yerə məhkəmələrin də işində artıma səbəb olmasınlar və belə əməllərə görə hansı cəzalar nəzərdə tutulur?

– Bu anlayışları fərqləndirmək üçün əvvəlcə hansı dəyərlərin qorunduğunu izah etmək faydalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” qərarı bu mövzuda mühüm izahlar verir. Qərarın 2-ci bəndinə uyğun olaraq, şərəf insanın cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə və cəmiyyətə münasibətinə görə ona verilən qiymətdir.

Ləyaqət şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymətdir. Nüfuz isə onun cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində və təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqedir. Bir insan haqqında yayılan məlumat onun hisslərinə, ailə münasibətlərinə, işinə və insanların ona göstərdiyi etimada təsir edə bilər. Bu hüquqların qorunması üçün məşhur və ya vəzifəli şəxs olmaq tələb edilmir, hər kəs bu hüquqlarının qorunması üçün məhkəmələrə müraciət edə bilər.

Böhtanda əsas məsələ yalan faktın onun yalan olduğunu bilə-bilə yayılmasıdır. Cinayət Məcəlləsinin 147.1-ci maddəsi şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan belə məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını nəzərdə tutur. Məsələn, bir şəxs başqasının müəyyən pulu mənimsəmədiyini bildiyi halda onun həmin pulu mənimsədiyini uydurur və ictimai şəkildə yayır. Digər zəruri əlamətlər də varsa, böhtana görə məsuliyyət məsələsi yaranır.

Burada “yalan olduğunu bilə-bilə” şərti xüsusi əhəmiyyət daşıyır. Məlumatın sonradan təsdiqlənməməsi öz-özlüyündə böhtanın sübuta yetirilməsi deyil. Şəxsin məlumatı yayarkən nə bildiyi, hansı mənbəyə və faktlara əsaslandığı da araşdırılır. Digər tərəfdən, “başqasından eşitmişdim” demək məsuliyyəti avtomatik aradan qaldırmır. Şəxsin özü məlumatın yalan olduğunu bilirdisə, onun başqa mənbədən eşidilməsi bu halı dəyişmir.

Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa aiddir. Məsələn, bir insanın qəsdən adam öldürdüyünü bilə-bilə yalandan ictimai şəkildə iddia etmək bu normanın tətbiqi məsələsini yarada bilər. Ancaq hər hansı cinayətdə ittiham avtomatik 147.2-ci maddə demək deyil. Şəxsə aid edilən cinayətin qanuna görə ağır və ya xüsusilə ağır kateqoriyaya daxil olub-olmaması müəyyənləşdirilməlidir, yəni böyük ictimai təhlükə törətməyən cinayət əməlinin şəxs tərəfindən törədilməsini iddia etmək Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyət yarada bilər . Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Təhqir isə fərqli anlayışdır. Cinayət Məcəlləsinin 148-ci maddəsində qanunda göstərilən kütləvi formalarda şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması nəzərdə tutulur. Burada diqqət yalnız məlumatın doğru və ya yalan olmasına yönəlmir; ifadənin forması, şəxsiyyəti alçaldan məzmunu və qəsd araşdırılır. Bu maddə üzrə də min manatdan min beş yüz manatadək cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Tənqidə gəldikdə, vətəndaş həkimin, müəllimin, ustanın və ya sahibkarın fəaliyyətindən narazı qala və bunu ifadə edə bilər. “Xidmətin keyfiyyətindən narazıyam”, “bu qərarla razı deyiləm”, “iş vaxtında görülmədi” kimi ifadələr kontekstdən asılı olaraq şəxsi münasibəti və ya konkret hadisəyə münasibəti bildirir və qiymətləndirici xarakter daşıyır. “Bu adam hamının pulunu oğurlayır” ifadəsi isə yoxlanıla bilən fakt iddiasıdır. Bu iki məzmunu eyniləşdirmək olmaz. 1-ci hal tənqid, 2-ci hal isə böhtan kimi qiymətləndirilə bilər.

Plenum qərarının 6-cı bəndində də faktla fikrin fərqləndirilməsi tələb olunur. Faktın olub-olmadığını sübut etmək mümkündür, şəxsi fikrin həqiqiliyini isə eyni qaydada sübut etməyi tələb etmək olmaz. Bununla belə, qiymətləndirici mülahizənin faktiki əsasları və konteksti əhəmiyyətlidir. Cümlənin əvvəlinə “məncə”, “deyirlər” və ya “guya” sözünü əlavə etmək konkret ittihamı avtomatik şəxsi fikrə çevirmir. “Məncə, filan tarixdə filan pulu oğurlayıb” ifadəsində yenə konkret fakt iddiası ola bilər.

Şəxsin inciməsi onun hisslərini göstərir, lakin təkbaşına cinayət tərkibini müəyyən etmir. Məhkəmə ifadəni bütöv mətnlə, deyildiyi şəraitlə və kimə ünvanlanması ilə birlikdə qiymətləndirir. Plenum qərarının 8-ci bəndinə görə, zərurət olduqda lüğətlərdən, dilçilik mütəxəssislərinin fikirlərindən və məhkəmə-linqvistik ekspertizasından istifadə edilə bilər. Ekspert rəyi ifadənin mənasının aydınlaşdırılmasına kömək edir; yekun hüquqi qiyməti isə məhkəmə verir.

Şəxsin adının çəkilməməsi də hər halda məsuliyyəti istisna etmir. Fotoşəkil, iş yeri və digər əlamətlər vasitəsilə söhbətin konkret kimdən getdiyi başa düşülə bilər. Əksinə, konkret şəxsə aid olduğu müəyyən edilməyən ümumi ifadəni hər kəsin öz üzərinə götürməsi kifayət deyil. Şəxsin paylaşımı həmin anda görməməsi və ya çıxış zamanı orada olmaması da məsuliyyəti avtomatik aradan qaldırmır.

147 və 148-ci maddələr üçün yayılma forması ayrıca şərtdir. Plenum qərarının 5-ci bəndində kütləvi çıxış ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə kimi izah olunur. Kütləvi nümayiş etdirilən əsərə də belə şəraitdə göstərilən fotoşəkil, rəsm, kino əsəri, reklam və digər əsərlər aid edilir. İnternetdə hamı üçün açıq paylaşım və video ilə yalnız şəxsin özünə göndərilmiş təkbətək mesajı eyniləşdirmək olmaz. Təkbətək mesaj həmin maddələr üzrə kütləvilik əlamətini yaratmır. Lakin qapalı qrupda məlumatın paylaşılması iştirakçıların sayı və əlçatanlıq nəzərə alınmaqla ayrıca qiymətləndirilir və kütləvi yayılma kimi nəzərə alına bilər.

Cəza təyin etmə məsələsi barədə də qısa danışmaq istiyərdim. Cəza yalnız təqsir sübuta yetirildikdən sonra həll edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə məhkəmə əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın şəxsin islahına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məsələn, yayımın miqyası və nəticələri əməlin qiymətləndirilməsində, ziyanın könüllü ödənilməsi isə qanunda nəzərdə tutulan qaydada cəzanın fərdiləşdirilməsində əhəmiyyət daşıya bilər. Sanksiyada alternativ cəzalar göstərilibsə, daha yüngül cəza növü cəzanın məqsədlərini təmin edə bilmədikdə daha ciddi cəza seçilir.

– Fuad müəllim, ehtimal eləyək ki, bir şəxs belə hesab edir ki, onun haqqında böhtan yayılıb və ya o, təhqir olunub. Hüququnu qorumaq üçün nə etməlidir və hansı məhkəməyə müraciət eləməlidir, hansı sübutları toplayıb məhkəməyə təqdim etməlidir? Xüsusən sosial şəbəkələr və ya videohostinqlərdə yayılan videolar, paylaşımlarla bağlı qaydalar necədir? Çünki bəzən mən özüm də olub ki, sosial şəbəkələrdə dövlətimizi müdafiə elədiyimizə görə təhqir olunmuşuq dəfələrlə xaricdə yaşayan o mühacir, dırnaqarası blogerlər tərəfindən. Bax, bəzən belə olur ki, şəxs xaricdə oturub və ordan təhqir yağdırır. Bu zaman mən hansı addım atmalıyam? Düzdür, mən heç bir hüquqi addımı atmadım.

– Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə aidiyyəti birinci instansiya məhkəməsinə verilir. Ümumi qayda cinayətin törədildiyi yer üzrə müraciət etməkdir. Məsələn, kütləvi çıxış zamanı nalayiq ifadənin işlədildiyi yer məlumdursa, həmin ərazi üzrə səlahiyyətli məhkəmə müəyyən olunur.

Media və internetdə yayım üçün Ali Məhkəmə Plenumunun qərarının 12-ci bəndində ayrıca izah verilib. Bu hallarda, bir qayda olaraq, müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı nəzərə alınır. Hüquqi ünvan məlum deyilsə və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alınıbsa, şikayətə məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə məhkəmə baxır. Yaşayış yeri dedikdə şəxsin qeydiyyat ünvanı nəzərdə tutulur.

– Adam var, rayonda qeydiyyatdadır, Bakıda yaşayır. Tutaq ki, rayonda qeydiyyatdadırsa, facebookda məni təhqir eləyibsə, mən gedib onun qeydiyyatda olduğu rayon məhkəməsinə müraciət etməliyəm?

– Sualdakı halda şərhin Bakıda yazılması məhkəmə aidiyyətini təkbaşına müəyyən etmir. Xaricdə qeydiyyata alınmış internet informasiya ehtiyatında yayım üzrə meyar məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı yaşayış yeridir. Məsəl üçün şəxs Facebook sosial şəbəkəsində böhtan xarakterli məlumatı yaymışdır. Facebook sosial şəbəkəsinin hüquqi ünavnı Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatıdır, belə olan halda müraciət həmin məlumatı yaymış şəxsin qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsinə olunmalıdır.

Sübutlarla bağlı qeyd etmək istərdim ki, praktiki olaraq ilk addım paylaşımı və onun mənbəyini qorumaqdır. Paylaşımın keçidini, hesabın və ya kanalın adını, yayım tarixini, tam mətni və ya videonu saxlamaq faydalıdır. Videoda mübahisələndirilən ifadənin səsləndiyi hissə göstərilməli, bütöv kontekst də qorunmalıdır. Ekran görüntüsü təqdim edilirsə, onun nə vaxt və hansı hesabdan götürüldüyünü göstərmək məqsədəuyğundur. Məhkəmə sübutun mənbəyini, həqiqiliyini və konkret şəxsə aidiyyətini yoxlayır.

Şikayətin forma və məzmunu isə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində göstərilə formada olmalıdr. Şikayətdə şikayətçinin adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyəti; əməlin nədən ibarət olduğu, harada, nə vaxt və necə törədildiyi, varsa vurulmuş ziyan göstərilməlidir. Barəsində şikayət verilən şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri, əməli onun törətdiyini təsdiqləyən məlumatlar, şahidlərin məlumatları, sənədlər və digər sübutlar qeyd olunmalıdır. Şikayətdə konkret ifadənin göstərilməsi xüsusilə vacibdir. Sonda şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, şikayətin verildiyi tarix və imza olmalıdır. Həmçinin şikayətin harada tərtib olunduğu da ayrıca qeyd edilməlidir.

– Dostumuzla bağlı bir hadisə yaşanmışdı. Onu xüsusi ittiham qaydasında məhkəməyə vermişdilər. Amma süni intellekt vasitəsilə video üzərində təhriflər edilmişdi. Birinci instansiya məhkəməsi bəraət verdi. Apellyasiya instansiyası qüvvədə saxladı. Sonra da Ali Məhkəmə qüvvədə saxladı. Buna da toxunaq qısaca. Çünki məhkəməyə təqdim olunan video süni intellekt vasitəsilə dəyişdirilə bilər, təhrif oluna bilər. Səsləri, çünki, oxşatmaq çox asanlaşıb.

– Videonun və ya səs yazısının montaj edildiyi, yaxud süni intellekt vasitəsilə dəyişdirildiyi barədə dəlil irəli sürüldükdə, məhkəmə həmin dəlili yoxlayır. Bunun üçün materialın ilkin faylı, əldə edildiyi mənbə, bütövlüyü və iş üzrə digər sübutlarla uyğunluğu araşdırıla bilər. Məsələnin həlli xüsusi bilik tələb etdikdə, məhkəmə ekspertiza təyin edə bilər. Ekspert texniki suallara cavab verir; materialın sübut kimi qiymətini isə məhkəmə digər sübutlarla birlikdə müəyyən edir.

İfadənin mənası və işlədildiyi kontekst mübahisəlidirsə, Plenum qərarının 8-ci bəndinə uyğun olaraq məhkəmə müvafiq lüğətlərdən və dilçilik mütəxəssislərinin fikirlərindən istifadə edə, zərurət olduqda məhkəmə-linqvistik ekspertizası təyin edə bilər. Mütəxəssis və ya ekspert ifadənin dil baxımından mənasını aydınlaşdırır. Əməlin hüquqi mənada böhtan və ya təhqir təşkil edib-etməməsini isə məhkəmə müəyyən edir.

Məhkəmələr xüsusi ittiham qaydasında baxılan işlər üzrə hazırlıq iclasında qəbul edilən qərarlar barədə də danşmaq istiyərdim. Xüsusi ittiham qaydasında şikayət daxil olduqda məhkəmə hazırlıq iclasında onun aidiyyətini, şikayətçinin müraciət hüququnu, şikayətin məzmununun qanuni tələblərə uyğunluğunu və baxışa mane olan halların mövcudluğunu yoxlayır. Bu yoxlamanın nəticəsindən asılı olaraq bir neçə növ qərarlar qəbul edilə bilər.

Şikayət tələblərə uyğundursa və baxışa mane olan hal yoxdursa, məhkəmə onu öz icraatına qəbul edir və məhkəmə baxışını təyin edir. Bu mərhələdə şəxsin təqsirli olub-olmaması barədə yekun nəticə çıxarılmır. Məhkəmə baxışı təyin edildikdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittihamçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs isə təqsirləndirilən şəxs qismində tanınır.

Bundan əlavə şikayət həmin məhkəməyə aid deyilsə, məhkəmə baxışının keçirilməsindən imtina edilir və şikayət məhkəmə aidiyyəti üzrə göndərilir. Şikayətdə göstərilən əməl ictimai və ya ictimai-xüsusi ittiham qaydasında təqib edilməlidirsə, şikayət baxılması üçün istintaq aidiyyəti üzrə göndərilir.

Qanunda nəzərdə tutulan digər hallarda məhkəmə baxışının keçirilməsindən və şikayətin öz icraatına qəbulundan əsaslandırılmış qərarla imtina edilir. Məsələn, şikayəti vermiş şəxsin buna hüququ olmadıqda, şikayət məzmuna dair tələblərə cavab vermədikdə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, cinayət hadisəsi və ya əməldə cinayət əlamətləri olmadıqda, yaxud şikayət əsassız olub irəli sürülən dəlilləri təsdiq edən sübutları əks etdirmədikdə bu qərar verilə bilər. Şikayətçi şikayətindən imtina edib təqsirləndirilən şəxslə barışdıqda və ya hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə də eyni prosessual nəticə nəzərdə tutulur.

– Fuad müəllim, sonuncu sualı da verim sizə. Belə işlərdə tərəflər barışa bilərmi? Çünki bəzən hesab edirik ki, yazdıq, o şəxs mənə zəng elədi, dedi ki, sən məni təhqir eləmisən və ya böhtan atmısan. Mən paylaşımı silirəm. Sonra bir status da yazıram: üzr istəyirəm. Çünki belə hallarla rastlaşırıq da. Üzr istəyirəm. Amma mənim bu üzrümü ola bilsin ki, birinci yazdığım vaxt oxuyan şəxslər heç oxumadılar. Belə olanda xüsusi ittihamçı məhkəməyə müraciət etdikdə ona dəymiş zərərin əvəzi tələb oluna bilərmi? Və təbii ki, paylaşımın silinməsi, üzr istənilməsi insanı məsuliyyətdən azad edirmi?

– Xüsusi ittiham qaydasında məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs məhkəmə müşavirə otağına gedənədək təqsirləndirilən şəxslə barışdıqda cinayət təqibinə xitam verilir. Paylaşımın silinməsi və ya üzr istənilməsi barışığa şərait yarada bilər, lakin tərəflərin barışmaq iradəsini əvəz etmir. Yəni şəxsin üzr istəməsi və ya paylaşımı silməsi onu cinayət məsuliyyətindən azad etmir.

Həmçinin qeyd etmək istiyərdim ki. zərər çəkmiş şəxs barışıq üçün, məsələn, məlumatın təkzib olunması, üzr istənilməsi və ya mənəvi ziyanın ödənilməsi kimi ağlabatan şərtlər irəli sürə bilər. Hər bir halda tərəflər barışmaq barədə iradələrini məhkəməyə bildirməlidirlər.

– Barışıq ərizəsi yazsa və qarşı tərəf təhqiri yenə də davam etdirsə, barışıq ərizəsini geri götürə bilərmi?

– Məhkəmə barışıq əsasında cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etdikdən sonra ərizənin geri götürülməsi həmin qərarı özlüyündə ləğv etmir. Qərarla razılaşmayan şəxs qanunda nəzərdə tutulan qaydada və müddətdə apellyasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsi barışıq iradəsinin könüllü ifadə edilib-edilmədiyini, xitam üçün qanuni şərtlərin olub-olmadığını və qərarın qanuniliyini, əsaslılığını yoxlayır. Barışıqdan sonra yeni təhqir baş veribsə, həmin yeni əməl barədə ayrıca şikayət verilə bilər.

– Yəni birinci təhqiri də bura əlavə eləyə bilər?

– Əvvəlki əməl barədə qanuni qüvvəyə minmiş qərar varsa, həmin əmələ görə eyni şəxs barəsində yenidən cinayət təqibi aparıla bilməz. Yeni şikayətin predmeti barışıqdan sonra törədildiyi bildirilən yeni əməl olmalıdır.

Ziyanın ödənilməsinə gəlincə, zərər çəkmiş şəxs əməl nəticəsində vurulduğunu iddia etdiyi maddi və ya mənəvi ziyanın əvəzini mülki iddia qaydasında tələb edə bilər. Məsələn, peşə fəaliyyəti ilə bağlı yalan məlumatın yayılması şəxsin nüfuzuna təsir göstərə və ona maddi itki verə bilər. Məhkəmə tələbi qiymətləndirərkən ziyanın mövcudluğunu, onun əməllə səbəbli əlaqəsini və tələb edilən məbləğin əsaslarını araşdırır.

Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə görə mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışları başlayanadək verilə bilər. İddianı xüsusi ittiham qaydasında şikayətlə birlikdə də təqdim etmək mümkündür.

– Sonda oxuculara nə tövsiyəniz var?

– Paylaşım etməzdən əvvəl düşünək ki, şəxsi münasibətimizi bildiririk, yoxsa kiməsə konkret fakt aid edirik. Bu faktın əsası nədir və biz onu hansı formada təqdim edirik? Fəaliyyəti tənqid etmək hüququmuz vardır, amma başqasına bilə-bilə yalan ittiham aid etmək və ya onu nalayiq formada alçaltmaq hüququmuz yoxdur. Hüququ pozulan şəxs isə emosional cavab vermək əvəzinə sübutlarını qorumalı və qanuni müdafiə yolundan istifadə etməlidir. Hüquqi məlumatlılıq həm özümüzü qorumağa, həm də başqasının hüququna hörmətlə yanaşmağa kömək edir.

Mənbə: Real TV