"Ölkəmizdə bəraət hökmlərinin çıxarılmasına dair statistik rəqəmlər cinayət mühakimə icraatında vəziyyətin nə dərəcədə acınacaqlı olmasına dair əyani sübutdur".
Bunu e-huquq.az-a vəkil Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, məhkəmələr təqribən notariat funksiyasını həyata keçirərək ittiham aktlarını təsdiq edirlər: "Bu praktikaya qonşu Rusiyada vəkillər “fleş hökmlər” adı veriblər, yəni hökmlər ittiham aktından "copy-paste" olunması anlamına gəlir. Bu zaman ittiham aktında olan səhvlər, anlaşılmaz cümlələr (bəzən cümlələr bir neçə vərəqdən ibarət olur) birə-bir hökmə köçürülür. Hökmlərdə müdafiə tərəfinin arqumentlərinə demək olar ki, ümumiyyətlə toxunulmur".
Vəkil qeyd edib ki, hazırda bəraət hökmlərinin 2014-2018-ci illər üçün statistik rəqəmələri mövcudur və bu rəqəmlər hər şeyi ifadə edir: "2014-2018-ci illər ərzində məhkəmələrdə cəmi 137 bəraət hökm çıxarılıb, ümumi baxılan işlərə nisbətdə bu rəqəm bəlkə də bir faizin cüzi hissəsini təşkil edir. Elə məhkəmələrimiz var ki, ümumiyyətlə bəraət hökmü çıxarılmayıb. Misal üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsi. Halbuki, bu məhkəmə yalnız cinayət işlərinə baxır (əhatə yuxarıda göstərilən dövr üçündür).
Bəraət hökmlərinin rekordsmeni – 34 bəraət hökmü ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsi hesab olunur, ikinci pillədə 34 hökmlə Bakı şəhər Nərimanov rayon Məhkəməsi qərarlaşır.
Bakı Ağır Cinayətlər Məhkəməsində dörd il ərzində cəmi 19 bəraət hökmünün qəbul edilməsi bu məhkəmədə durumun nə qədər ağır olmasından xəbər verir. Maraqlı vəziyyət Quba Rayon Məhkəməsindədir. Burada 11 bəraət hökmü çıxarılıb və hamısı hakim Zamin Tahirov tərəfindən qəbul edilib. Bakı şəhər Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanov 16 hökmlə birinci yerdədir, Azər Tağıyev 12 bərat hökmü ilə ikinci pillədə qərarlaşıb (rəqəmlər 2014-2018-ci illəri əhatə edir)
Hüquqşunaslarda belə bir deyim vardır “bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”. Bu formulaya görə, hakim kimi özlərini təsdiq etməmiş xeyli hakimlər vardır.
“Bir ədalətsiz hökmün fəsadı, fərdlərin törətdiyi cinayətlərdən daha ağır olur. Sonuncular balaca çayları korladığı halda, ədalətsiz hökmlər həmin çayların mənbəyini korlayır", – deyib, Frensis Bekon.
Hörmətli hakimlər bunu bir vəkilin müraciəti kimi də qəbul edə bilərsiz: ədalətsiz qərarlar qəbul etməyin, insan talelərini məhv etməyin. “Bəs sən bəraət hökmü çıxartmısanmı?” ifadəsini özünüz üçün deviz edin"".
