Təxirlər zamanı “üzrlü səbəbdən gəlməmə” düzgün tətbiq edilmir, bu isə süründürməçiliyə səbəb olur.
Belə ki, iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsin 1 dəfə üzrlü səbəbdən gəlməməsi mülki prosesdə işə baxılmasının təxirə salınması üçün əsas sayılır, təkrar (2-ci, 3-cü və s. dəfə) gəlməmə üzrlü olsa da təxir üçün əsas deyil.
Məntiq ondan ibarətdir ki, iclasa təkrar olaraq (2-ci, 3-cü və s. dəfə) gəlməmək üçün üzrlü səbəblər ola bilər, lakin məhkəmənin fəaliyyəti və əks tərəfin mənafeləri həmin səbəblərdən asılı edilə bilməz. Əgər biz 2-ci dəfə üzrlü səbəbdən gəlməməni də təxirə əsas kimi tanısaq, onda sual əmələ gələcək niyə 3-cü dəfə gəlməmə təxirə əsas kimi tanınmır? Əgər 3-cü dəfəni əsas kimi tanısaq eyni məzmunda növbəti sual yaranacaq və sonsuzluğa qədər davam edəcək. Ona görə də üzrlü səbəbdən yalnız 1 dəfə gəlməmə təxirə əsasdır. Üzrlü səbəbdən təkrar olaraq (2-ci, 3-cü və s. dəfə) iclasa gələ bilməyən şəxsin manafeyinin təmin edilməsi üçün nümayəndəlik institutu mövcuddur: o, yaxın qohumunu və ya vəkili nümayəndə təyin edərək iclasa göndərə bilər.
Qanunvericilikdə bu məsələ bir-biri ilə məntiqi cəhətdən bağlı olan müddəalarla tənzimlənir. Həmin müddəalar aşağıdakılardır:
1-ci müddəa:
Bu müddəa MPM-in 185.3-cü maddəsində əks olunub. Həmin müddəaya görə 1 dəfə gəlməmə üzrlü səbəbdən baş verdikdə işə baxılması təxirə salınır.
Bu qayda özündə həm də onu ehtiva edir ki, əgər 1 dəfə gəlməyən şəxsin üzrlü səbəbi yoxdursa, təxir ola bilməz, yəni işə baxılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, səbəbi bildirmək, habelə səbəbin üzrlü olması barədə sübut təqdim etmək vəzifəsi gəlməyən şəxsin üzərinə düşür (MPM, maddə 185.1). Əgər o, səbəbi bildirmirsə və ya bildirdiyi səbəbi təsdiq edən sübut təqdim etmirsə, bu vəziyyət belə qiymətləndirilir ki, gəlməmə üzrsüz səbəbdən baş verib.
2-ci müddəa:
Bu müddəa MPM-in 185.4-cü maddəsində əks olunub, 1-ci müddəanın davamıdır. Həmin müddəaya görə üzrlü səbəbdən 1 dəfə gəlməyən şəxs təkrar gəlmədikdə işə onun iştirakı olmadan baxılmalıdır. Bu zaman təkrar gəlməmənin üzrlü və ya üzrsüz səbəbdən baş verməsinin əhəmiyyəti yoxdur.
1-ci və 2-ci müddəalar apelyasiya icraatına da aiddir. Belə ki, MPM-in 365-ci maddəsində “apelyasiya icraatına bu fəslin və Məcəllənin müddəaları tətbiq olunur” qeyd olunub. “Məcəllənin müddəaları” ifadəsi ilə yuxarıda qeyd olunan 1-ci və 2-ci müddəalar əhatə olunur. O cümlədən apelyasiya icraatına aid olan fəsildə yerləşən 376.2-ci maddədə üzrlü səbəbdən gəlməmə təxirə əsas kimi müəyyən edilib. Həmin maddədə təkrar üzrlü səbəbdən gəlməmə göstərilməyib, bu isə o deməkdir ki, təkrar üzrlü səbəbdən gəlməmə təxir üçün əsas deyil.
Ancaq elə səbəb ola bilər ki, o, müvafiq şəxsə həm dəfələrlə iclasa gəlməyə, eyni zamanda nümayəndə təyin etməyə mane ola bilər. Belə halda nə baş verəcək ?
Cavab belədir:
1-ci, qanunvericilikdə bu kimi hallar icraatın dayandırılmasına əsas kimi müəyyən edilib. Məs., tərəfin fəaliyyət qabiliyyətini itirməsi (maddə 254.1.2), tərəfin hərbi əməliyyatlarda olması (maddə 254.1.3) və s.
2-ci, buna oxşar, lakin qanunvericilikdə icraatın dayandırılmasına əsas kimi nəzərdə tutulmayan hallarda işə baxılması təxirə salınmalıdır, çünki səbəb elə səbəbdir ki, müvafiq şəxsə nə iclasa gəlməyə, nə də nümayəndə təyin etməyə imkan vermir.
Beləliklə, təxirlər zamanı qeyd edilənlər nəzərə alınmalıdır.
Namiq Cəfərov
Bakı Apelyasiya Məhkəməsinin hakimi
