Məzmuna keç

Sabiq icra başçısının şikayəti əsasında məhkəmə başlayıb

Sabiq icra başçısının şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

İttiham aktına görə, M.Səfərov və Rüstəm Bayramov Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra M.Səfərov məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb və o, həbs olunub.

Daha əvvəl R.Bayramova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi ona şərti cəza verib və azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş və təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Zərərçəkmiş ona dəymiş zərərin ödənilməsini və M.Səfərovun həbs edilməsini istəyir.

M.Səfərov isə barəsində bəraət hökmünün çıxarılmasını tələb edir.

Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.