Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərən Təhminə Səfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mehriban Qarayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, bu il fevralın 21-də Sabunçu Rayon Məhkəməsində insident baş verib. T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim S.Ağayevə qarşı fiziki təzyiq göstərib.
Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub.
O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fiziki təzyiq göstərib. Bu zaman məhkəmə iclasında olan nəzarətçilər T.Səfərovanı zaldan çıxarıblar.
Daha sonra Sabunçu Rayon Məhkəməsinə hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb, qadının barəsində Cinayət Məcəlləsinin 288-ci (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürüb. Lakin qadın həmin gün evə buraxılıb, onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
T.Səfərovanın psixi problemlərinin olduğu bildirilir.
